Siyyarto: “Mən Rusiyanın casusu deyiləm”

   Siyyarto: “Mən Rusiyanın casusu deyiləm”
  02 Sentyabr 2024    Oxunub:965
Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto Ukrayna ilə bağlı mövqeyinə görə avropalı siyasətçilərin təzyiq və şantajına məruz qalıb.
AzVision.az xəbər verir ki, Rusiyanın “RBK” telekanalına müsahibəsində Peter Siyyarto sülh tərəfdarı kimi fikirlərini açıqlayanda onu Putinyönlü mövqe tutdmaqda günahlandıranların tənqidləri ilə üzləşdiyini bildirib.

“Sülh naminə mövqe ortaya qoyanda mənə damğa vurulur, deyirlər ki, mən rusiyapərəst mövqe tuturam, Putin tərəfdarıyam, az qala Rusiyanın casusuyam, Kremlin təbliğatçısıyam. Ukrayna münaqişəsinin həlli ilə bağlı debatların intellektual səviyyəsi o qədər də yüksək deyil. Çünki bizim arqumentlərimizə cavab olaraq qarşı tərəfdən heç vaxt əks-arqument yoxdur, ancaq damğa vurulur. Bu, problemin həllinə kömək etmir”, - Macarıstan diplomatiyasının rəhbəri deyib.

Onun sözlərinə görə, belə təzyiqlərə baxmayaraq, Macarıstan Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair mövqeyini qoruyub saxlamaq əzmindədir.

- Gələcək perspektivlər nöqteyi-nəzərindən, biz və Slovakiya mütləq azlıqdayıq, çünki söhbət müharibə haqqında nə düşündüyümüzdə deyil, sülhün ən qısa və sürətli şəkildə necə əldə oluna biləcəyi barədə nə fikirləşməyimizdədir. Bütün fərq bundadır. İnanırıq ki, nə qədər çox silah verilsə, münaqişə bir o qədər uzun sürəcək. Onlar bizdən mövqeyimizi dəyişməyi tələb edirlər, lakin biz buna hazır deyilik, çünki macar xalqının iradəsi belədir”, - Peter Siyyarto vurğulayıb.

Qeyd edək ki, daha əvvəl “Politico” qəzeti mənbələrə istinadən Ukraynaya görə Siyyarto ilə Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrel arasında mübahisə yaşandığını yazıb.

Borrell Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün ötürülən silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Buna qarşı çıxan Macarıstan diplomatiyasının rəhbəri isə belə təklifləri ehtiyatsızlıq kimi qiymətləndirib. O, bildirib ki, yüksək nümayəndənin qəzəbi dayandırılmalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Siyyarto   Rusiya   Ukrayna  





Xəbər lenti