NATO Polşaya xəbərdarlıq edib

   NATO Polşaya xəbərdarlıq edib
  02 Sentyabr 2024    Oxunub:302
Polşa və Ukraynaya qonşu olan digər ölkələr Rusiyadan gələn raketləri öz hava məkanına daxil olmazdan əvvəl vurmalıdır. NATO-nun müqavimətinə baxmayaraq, bu zəruridir.
AzVision.az “Financial Times” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, Polşanın Xarici İşlər naziri Radoslav Sikorski belə deyib. Onun fikrincə, Ukrayna səmasında müdaxilələrin NATO-nu Rusiya ilə müharibəyə sürükləyə bilməsi təhdidinə baxmayaraq, Varşava öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur.

“NATO-ya üzvlük hər bir ölkənin öz hava məkanını qorumaq məsuliyyətini ləğv etmir - bu, bizim konstitusiya məsuliyyətimizdir”, - Sikorski bildirib.

Xatırladaq ki, bu yay imzalanan Polşa-Ukrayna ikitərəfli təhlükəsizlik sazişinə əsasən, bu ölkələr “Polşa ərazisi istiqamətində buraxılan raket və PUA-ların Ukrayna səmasında tutulması və vurulması imkanlarını” öyrənmək öhdəliyi götürüblər. Lakin bu təklifi rədd edən NATO-nun baş katibi Yens Stoltenberq belə addımın alyansı “münaqişənin bir hissəsinə çevrilməklə” hədələdiyini bildirib.

Şimali Atlantika Alyansı bu dəfə də Polşanın Xarici İşlər nazirinin bəyanatına neqativ münasibət sərgiləyib.

- Təbii ki, biz milli təhlükəsizliyin təminatı məsələsində hər bir müttəfiqin suveren hüququna hörmət edirik. Ancaq NATO-da hamımız üçün nəticələri ola biləcək bir işə qarışmazdan əvvəl həmişə məsləhətləşirik. Polşa müttəfiqləri isə alyans daxilində məsləhətləşmələrdə həmişə qüsursuz olublar”, - NATO baş katibinin müavini Mirça Coane “Financial Times” qəzetinə müsahibəsində Sikorskiyə üstüörtülü xəbərdarlıq ünvanlayıb.


NATO rəsmisi onu da vurğulayıb ki, “Ukraynaya kömək etmək zərurətinə” baxmayaraq, blok üzvləri gərginliyin qarşısını almaq üçün mümkün olan bütün addımları atmalıdırlar.

Yeri gəlmişkən, ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da üçüncü ölkələrin qüvvələrinin cəlb edilmədən Ukraynanın özünün hava hücumundan müdafiə (HHM) əməliyyatlarının və səmanın qorunmasının təminatına cavabdeh olduğunu bildirib.

Maraqlıdır ki, cəmi bir neçə gün əvvəl Polşanın Müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukrayna səmasında Rusiya raketlərinin vurulması barədə Ukrayna prezidenti Volodimir Zelenskinin təklifinə skeptik yanaşdığını vurğulamışdı. Bu baxımdan, sözügedən məsələ ilə bağlı yalnız NATO daxilində yox, hətta Polşanız siyasi elitasının özündə də ciddi mövqe ixtilafının olduğu üzə çıxır.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Polşa   Ukrayna   NATO  





Xəbər lenti