Fransa diplomatiyası dərin tənəzzülə uğrayır

   Fransa diplomatiyası dərin tənəzzülə uğrayır
  02 Sentyabr 2024    Oxunub:1396
Qırx səkkiz gündür Baş nazir axtarışında olan Fransa bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də problemlərlə üzləşir. 1993-cü ildən hər il (COVİD dövrü istisna olmaqla) avqustun sonu və ya sentyabrı əvvəlində keçirilən Fransa diplomatik missiyalarının rəhbərləri ilə görüş ləğv edilib.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu qərarın 2022-ci ildə Yelisey və Quai d'Orsay (Fransa XİN) arasında başlayan ziddiyyətin narahatlığı daha da artıra biləcəyi qeyd olunur.

Sabiq səfirlərin sözlərinə görə, Fransa diplomatiyası üçün vacib olan bu görüş məhdud formatda da keçirilə bilərdi. Görüşdə ən önəmli məqam Respublika prezidentinin nitqidir və əsas məqsəd xarici siyasətin əsas istiqamətlərini, prioritetlərini müəyyənləşdirmək, aktual çağırışları müzakirə etməkdir.

Bildirilir ki, diplomatik missiyaların rəhbərləri ilə görüş Fransanın xaricdəki və beynəlxalq təşkilatlardakı nümayəndələrinin işini istiqamətləndirən illik oriyentasiyalar vermək imkanı yaradır. Yerlərdə diplomatiya kursunun müəyyənləşdirilməsi, əsas prioritetləri dinləmək üçün hakimiyyət orqanları ilə mütəmadi fikir mübadilələri aparılması baxımından bu görüşün baş tutması vacibdir. 2022-ci ildə diplomatik korpusun islahatından sonra sarsılmış Fransa XİN-də diplomatların əksəriyyəti görüşün rəsmi ləğvini hakimiyyətin onların işinə maraq göstərməməsinin yeni bir əlaməti kimi görürlər.

Sabiq xarici işlər naziri Dominik de Vilpen görüşün ləğvini tarixi səhv adlandıraraq, gələcək illərdə bunun müstəqillik, səriştə və yaddaşın itirilməsi kimi ağır təsirləri olacağı barədə xəbərdarlıq edib. Bildirilib ki, artıq karyera diplomatları olmadığı üçün Xarici İşlər Nazirliyi “dostlar” legionuna çevrilib. Fransada və xaricdə E. Makronun dostları səfir təyin olunub. Yəni, ölkədə heç bir faydası olmayan hiper-prezidentlik mövcuddur. Prezidentlər vəzifəyə başlayanda diplomatlara qarşı adətən qərəzli mövqedə olsalar da, zamanla etimad mühiti yaranır, ancaq E. Makronla belə bir mühit yaranmayıb.

Fransız diplomatlar ötən il “Səfirlərin E. Makrona məktubu” adlı nota göndərərək, ölkənin mövqeyinin xaricdə səhv başa düşüldüyünü, ənənəvi balanslaşdırma siyasəti ilə ziddiyyət təşkil etdiyini bildirsələr də, nəticə əldə edilməyib. Beləliklə, Fransa diplomatiyasının tənəzzülə uğrayıb. Son vaxtlar təyin olduqları ölkənin, regionun coğrafi ərazisini mükəmməl mənimsəyən diplomatların mütəmadi olaraq analitik kimi özəl sektora qoşulduqları müşahidə edilir.

Diplomatların üçdə biri dövlət büdcəsinin cəmi 0,7 faizi həcmində maliyyələşən XİN-dən həmişəlik ayrılmağı düşünür. Avstraliyanın "The Lowy Institute" analitik mərkəzinin məlumatına görə, 249 səfirliyi və konsulluğu, eləcə də beynəlxalq təşkilatlar yanında 16 daimi nümayəndəliyi ilə Fransa diplomatik şəbəkəsi bir ildə iki yer itirərək hazırda dünyada beşinci yerdədir.

Ölkədə qeyri-stabil daxili vəziyyət və beynəlxalq böhranların çoxalması fransız diplomatiyasının getdikcə daha dərin tənəzzülə uğradığını göstərir. Sabiq diplomat bildirib ki, Fransa strateji kompasını yeniləməlidir. O, Fransanın strateji baxımdan təkləndiyini, dünyada istiqaməti itirdiyini qeyd edib. Vurğulayıb ki, Fransa prezident administrasiyasının XİN-in və digər aidiyyəti orqanların fundamental məsələlərdə təcili konsensus yaratmaq iqtidarında olmaması təəssüf doğurur.

AzVision.az



Teqlər:





Xəbər lenti