Kiyev Baydendən son dəfə xahiş etməyə hazırlaşır

Kiyev Baydendən    son dəfə    xahiş etməyə hazırlaşır
  03 Sentyabr 2024    Oxunub:328
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyadakı hədəfləri vurmaq üçün uzaqmənzilli silahların istifadəsinə ABŞ-nin razılığını almağa son dəfə cəhd göstərməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, “The Economist” qəzetində dərc olunan məqalədə gələn həftə Nyu-Yorkda Ukrayna prezidentinin amerikalı həmkarı Co Baydenə belə xahişlə müraciət edəcəyi bildirilir. Ağ Ev rəhbəri Ukrayna liderinin xahişinə müsbət cavab verməsə, onda Volodimir Zelenski bu məsələyə baxmaq üçün növbəti administrasiyaya müraciət edəcək.

Bu arada Danimarkanın baş naziri Mette Frederiksen beynəlxalq qanunlara uyğun şəkildə Ukraynaya Qərb silahlarından, o cümlədən F-16 qırıcılarından Rusiyadakı hədəflərə hücum etmək hüququnun verilməli olduğunu və ölkəsinin bu məsələdə Kiyevə heç bir məhdudiyyət qoymadığını söyləyib.

“Biz F-16-ya məhdudiyyət qoymuruq. Biz bu təyyarələri heç bir məhdudiyyət olmadan təqdim etdik, yəni beynəlxalq hüquqa uyğun olaraq onlardan istifadəyə icazə verildi”, - xanım Frederiksen Praqada keçirilən “Globsec-2024” beynəlxalq təhlükəsizlik konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna bu müharibədə qalib gəlməlidir və bu işdə ona kömək etməyin yeganə yolu Kiyevə ən çox ehtiyacı olanları verməkdir.

Bundan əvvəl Hollandiya da Ukraynaya göndərdiyi F-16-lardan Rusiya ərazisinə hücumlar üçün istifadə etməyə icazə vermişdi.

- Müharibə qanunlarına uyğun olaraq, F-16-nın istifadəsi və ya uçuş məsafəsi ilə bağlı heç bir məhdudiyyət qoymamışıq. Hollandiya Ukraynaya müharibədə qələbə arzulayır və bunun baş tutması üçün hər cür səy göstərir”, - Niderland krallığının Silahlı Qüvvələrinin komandanı Onno Eyselshaym vurğulayıb.

Qeyd edək ki, Danimarka və Hollandiya, Belçika və Norveçlə birlikdə Ukraynaya ümumilikdə 79 ədəd F-16 qırıcısı verməyi öhdəsinə götürən ölkələrin koalisiyasına daxildirlər. Bu xüsusda Danimarka Kiyevə 19, Hollandiya isə 24 döyüş maşını verməlidir. Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə havada effektiv qarşıdurma üçün 120-130 ədəd F-16 qırıcısına ehtiyac olduğu bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti