Vaşinqtondan HƏMAS-a ittiham: İran da hədəfdədir

   Vaşinqtondan HƏMAS-a ittiham:    İran da hədəfdədir
  04 Sentyabr 2024    Oxunub:1110
ABŞ-nin Ədliyyə Departamenti Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri Yəhya Sinvar və qruplaşmanın digər 5 üzvünə qarşı ittiham irəli sürüb.
Departamentin yazılı bəyanatına əsasən, onlar "7 oktyabr 2023-cü il tarixində İsrailə hücumun, 1200 mülki sakinin (o cümlədən 40 ABŞ vətəndaşı) qətlinin planlaşdırılması və təşkilində" günahlandırılırlar.

Yəhya Sinvarla yanaşı adlarına bir sıra ittihamla iş açılan HƏMAS üzvləri aşağıdakılardır:
- iyulda İranın paytaxtı Tehranda səfərdə ikən sui-qəsdlə öldürülən sabiq lider İsmayıl Haniyə;
- Beyrutda aviazərbə nəticəsində həyatını itirən ali hərbi komandir Məhəmməd Zeyf;
- qruplaşmanın "İzzəddin Əl-Qəssam" adlı silahlı qanadının komandir müavini, mart ayında zərərsizləşdirilən Mərvan İsa;
- daha bir sabiq lider (1996-2017), hazırda "təqaüdə çıxmış" Xalid Məşəl;
- təşkilatın Beyrut üzrə nümayəndələrindən biri Əli Bərəkə.

Departamentin bəyanatından əlavə ədliyyə naziri Merrik Qarland videoçıxışında şəxsən vurğulayıb ki, "HƏMAS-a siyasi və maliyyə dəstəyə görə Livanın "Hizbullah" təşkilatı və İran da ittiham daxilindədir".
Qərb mediası: İranla İsrail müharibəyə gedəcəkmi?

Xatırladaq ki, HƏMAS terrorçularının ötən il 7 oktyabrda İsrailə hücumu nəticəsində Qəzza zolağında indiyədək 40 mindən artıq mülki şəxsin ölümü ilə nəticələnən müharibə başlayıb. Bu müharibə fonunda İsrail şimaldan "Hizbullah" qruplaşmasının da mütəmadi hücumları ilə üzləşməkdədir. Digər tərəfdən, Yəməndə fəaliyyət göstərən "Husi" terror təşkilatı isə Qırmızı dəniz və ətraf sularda İsraillə əlaqəli gəmiləri hədəfə alaraq dəniz ticarətinə ciddi ziyan vurur. Bütün bu terror qüvvələrini himayəsində saxlayan İran da, öz növbəsində, İsrailə qarşı hədə-qorxu ritorikasını sərtləşdirib. HƏMAS-ın keçmiş lideri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinin ardınca İranın ali dini lideri Əli Xamenei sui-qəsddə İsraili günahlandıraraq bu ölkəyə hücum əmri verib. Nəticədə ABŞ Yaxın Şərqdə mümkün genişmiqyaslı İran-İsrail müharibəsinin qarşısını almaq məqsədilə regiondakı qüvvələrinin sayını artırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   İran   Yaxın-Şərq   münaqişə  





Xəbər lenti