Blinken komissiya qarşısında cavab verəcək

Blinken komissiya qarşısında    cavab verəcək
  04 Sentyabr 2024    Oxunub:348
ABŞ-nin Dövlət katibi Antoni Blinken Amerika qoşunlarının Əfqanıstandan xaotik çıxarılması ilə bağlı ifadə vermək üçün dinləmələrə çağırılıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Maykl Makkol ona çağırış vərəqəsi təqdim edib.
“The New York Times” (NYT) qəzetinin yazdığına görə, Makkol Blinkenin ifadə verməsinin vacib olduğunu deyib. Çünki komitə üzvləri gələn həftə məsələ ilə bağlı gözlənilən araşdırma hesabatının yayımlanmasından sonra “qoşunların fəlakətli şəkildə çıxarılması səhvlərinin qarşısını almağa yönəlmiş potensial qanunvericilik layihəsi” hazırlayırlar. O, həmçinin komissiyanın qarşısına çıxmayacağı təqdirdə Blinkeni məhkəməyə hörmətsizlik göstərdiyinə görə cavabdehliyə cəlb edəcəyi ilə hədələyib.

“Siz qoşunların çıxarılması və təxliyyəsi ilə bağlı departament üçün son qərar qəbul edən şəxs idiniz”, - Maykl Makkol Blinkenə göndərdiyi məktubda yazıb.

Blinkenin qoşunların Əfqanıstndan çıxarılması əməliyyatında öz rolunu açıqlamaq üçün sentyabrın 19-da komissiya qarşısına çıxmasını tələb edən konqresmen dövlət katibinin əvvəlki dəvətləri yerinə yetirməməsindən şikayətlənib.

ABŞ dövlət departamentinin təmsilçisi Metyu Miller, öz növbəsində, Antoni Blinkenin çağırışda göstərildiyi gün Nümayəndələr Palatasının müvafiq komitsəinə gələ bilməyəcəyini deyib.

Maraqlıdır ki, bundan əvvəl sabiq prezident Donald Trampın keçmiş müşaviri Herbert Makmaster şefinin də 2021-ci ildə Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasında rolu olduğunu iddia edib. Onun sözlərinə görə, bu məsələdə Tramp da qismən məsuliyyət daşıyır. Çünki ABŞ-nin keçmiş prezidenti Əfqanıstandan qoşunların çıxarılması şərtləri barədə indi bu ölkəyə rəhbərlik edən “Taliban” hərəkatı ilə danışıqlara başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Blinken   məhkəmə  





Xəbər lenti