Aİ-nin son 10 ildə Ukraynaya etdiyi yardımın həcmi açıqlanıb

   Aİ-nin son 10 ildə Ukraynaya etdiyi yardımın həcmi açıqlanıb
  04 Sentyabr 2024    Oxunub:305
2014-cü ildən bəri Avropa İttifaqına (Aİ) üzv ölkələr Ukraynaya ən az 126 milyard avro məbləğində pul ayırıblar.
AzVision.az xəbər verir ki, Rusiyanın Brüsseldəki daimi nümayəndəliyinin bəyanatına istinad edən “İzvestiya” nəşri belə məlumat yayıb.

Rusiyalı diplomatların iddiasına görə, bu məbləğin böyük hissəsi 2022-ci ilin əvvəlindən başlayaraq Ukraynaya köçürülüb. Buna qədər isə Aİ-nin məmurları Kiyevə təmənnasız subsidiya şəklində 1,7 milyard avro, kredit şəklində 5,6 milyard, humanitar yardım şəklində 194 milyon, “Aİ-nin xarici siyasət sahəsinə aid olan digər maliyyə xərcləri” çərçivəsində isə 355 milyon avro veriblər.

Beləliklə, 2014-cü ildən 2021-ci ilin sonuna qədər Aİ Ukraynaya ümumilikdə təxminən 7,85 milyard avro civarında maliyyə yardımı göstərib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra Brüssel Kiyevə ötürülən subsidiyaların həcmini xeyli artırıb. 2022-ci ilin fevral ayının sonundan indiyədək Ukraynaya ümumilikdə 118,3 milyard avro vəsait köçürülüb.

“Bu məbləğin böyük hissəsi – 57 milyard avro maliyyə yardımı kimi ayrılıb. Avropalı məmurlar habelə Ukraynaya 43 milyard avrodan çox hərbi dəstək göndəriblər. Bundan əlavə, Aİ ölkələrinə Ukraynalı qaçqınların yerləşdirilməsinə görə öz büdcə xərclərini ödəmək üçün “Birləşmə Siyasəti” fondlarından 17 milyard avro istifadə etməyə icazə verilib”, - Rusiyanın Brüsseldəki diplomatik missiyasının nümayəndələri bildiriblər.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal Qərbin son 2,5 ildə respublikaya göstərdiyi yardımın həcmini 100 milyard dollardan çox həcmdə dəyərləndirmişdi. Buna baxmayaraq, o, Kiyevin artan büdcə kəsirini ödəmək üçün 2025-ci ilə qədər təxminən hələ 15 milyard dollara ehtiyac olduğunu açıqlayıb. Ukraynanın Maliyyə naziri Sergey Marçenkonun sözlərinə görə, belə ağır vəziyyət əsasən müdafiə xərclərinin artması ilə bağlıdır.

Qeyd edək ki, son vaxtlar Aİ Rusiyanın Qərbdəki banklarda və fondlarda dondurulmuş maliyyə resurslarının yerləşdirilməsindən əldə olunan qazancı Ukraynaya verməyə başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   yardım  





Xəbər lenti