Çexiya Kiyevə silah tədarükündən qazanc götürür

   Çexiya Kiyevə silah tədarükündən    qazanc    götürür
  06 Sentyabr 2024    Oxunub:303
Ukrayna üçün Türkiyədən birbaşa silah və sursat almaqdan imtina edən Almaniyada Kiyevə hərbi yardımla bağlı böyük qalmaqal yaranıb.
Bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Ukraynada döyüş sursatı çatışmazlığı ilə bağlı ciddi çətinliklər fonunda Çexiya prezidenti Petr Pavel ölkəsinin Kiyevə 800 min artilleriya mərmisi verməyə hazır olduğunu açıqladı. Onun bu səxavəti Konfransda iştirak edən ölkələrin tam dəstəyini qazandı.

Lakin Almaniyanın məşhur “Handelsblatt” qəzetinin apardığı jurnalist araşdırmasından sonra məlum olub ki, 2024-cü ilin martında Türkiyədən 155 mm-lik artilleriya və haubitsa mərmiləri partiyası alan Çexiya, onları sonradan Ukraynaya göndərmək üçün Berlinə daha yüksək qiymətə satıb. Beləliklə də, Kiyevə sursat almaq üçün türklərlə birbaşa əlaqə saxlamaq istəməyən Berlini Praqa çox primitiv şəkildə aldadıb.

“Handelsblatt” qəzetində dərc edilən sənədlərə əsasən, “CSG Group” konsorsiumuna daxil olan Çexiyanın “Excalibur Army” şirkəti hər mərmi üçün 2700 avro ödəməklə Türkiyənin “Mekanik Kimya Sanayii” şirkətindən xeyli miqdarda mərmi alıb. Sonradan onların hər biri 3200 avroya Çexiya Müdafiə nazirliyi vasitəsilə Almaniyaya satılıb. Başqa sözlə desək, Ukrayna ordusuna maliyyə yardımı göstərən ölkələr Çexiyaya hər mərmi üçün azı 500 avro qazanc ödəyiblər.


Halbuki, Kiyev əvvəllər eyni mərmiləri birbaşa Polşadan orta hesabla 2700 avroya alırdı. Türkiyənin “Arca Defence” şirkəti isə 2950 avroya Ukraynaya daha keyfiyyətli mərmilər satıb.

Qalmaqala ilk olaraq diqqət çəkən Çexiya parlamentinin senatoru Lukaş Vaqenknext ölkəsinin hərəkətlərini biabırçılıq adlandırıb. Çexiyanın Ukrayna ordusunun artilleriya mərmiləri ilə təchizatında oynadığı rolun əhəmiyyətini vurğulayan Vaqenknext Praqa hökumətini qiymətləri artırmaqla qazanc götürdüyünə görə tənqid edib.

“Bütün məlumatlar Ukrayna rəsmiləri tərəfindən təsdiqlənib. Bu mühüm məsələ niyə müzakirə olunmur? Mən əvvəllər belə bir işlə qarşılaşmamışam. Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya hərbi ianələrdən qazanc əldə etmək iyrəncdir”, - çexiyalı senator hiddətini gzilətməyib.


O, həmçinin Çexiya hökumətini ukraynalılar üçün lazım olduğundan daha az mərmi aldığına görə tənqid edib.

Ukrayna Silahlı Qüvvələri üçün Türkiyədən mərmi alan “Excalibur Army” şirkətinin sahibi olan “CSG Group” korporasiyasının rəhbərliyi silah və sursat tədarükündən “müəyyən gəlir götürdüklərini” etiraf ediblər. Amma onların iddiasına görə, mənfəət marjası “son dərəcə aşağı və məqbul hədlər çərçivəsində” olub.

Sahil İsgəndərov


Teqlər: Çexiya   Ukrayna   silah  





Xəbər lenti