Bloomberg: “ABŞ husilərə uduzur”

   Bloomberg:    “ABŞ husilərə uduzur”
  09 Sentyabr 2024    Oxunub:1145
Onilliklər ərzində dənizlərin azadlığına qarşı ən ciddi təhdidə başlamış husilər “ola bilsin ki, yorğun ABŞ-ni məğlub ediblər”.
AzVision.az xəbər verir ki, husilərin vəziyyətini böyük sürpriz adlandıran “Bloomberg” agentliyinin köşə yazarı Hel Brands “Amerikalıların əksəriyyətinin heç eşitmədiyi bir kvazi-dövlət subyektinin dünyanın kommersiya daşımalarının 15%-ni iflic edə biləcəyindən dəhşətə gəldiyini” yazır.

“2025-ci ildə kimin prezident olacağından asılı olmayaraq, həmin şəxs, bütün yarana biləcək fəlakətli nəticələr nəzərə alınmaqla, Amerikanın Qırmızı dəniz uğrunda mübarizəni uduzduğu faktını etiraf etməli olacaq”, - dərc edilən materialda deyilir.

Agentliyin qiymətləndirməsinə görə, ABŞ və İngiltərənin 2024-cü ilin yanvarından husilərə qarşı başlatdığı zərbələrin nəticələri “ən yaxşı halda orta” səviyyədədir. Bundan əlavə, 2024-cü il ərzində husilərin qruplaşmasının nəinki özünü təımkinli apardığı, hətta ruhlandığı vurğulanır.

Həqiqətən də, müttəfiqlərin hava zərbələrinin təxminən bir ildir davam etməsinə baxmayaraq, husilərin Fars körfəzindəki gəmiçiliyə hücumlarının intensivliyi və dəqiqliyi yalnız artır.

Bu yaxınlarda husilərin “Sounion” tankerinə hücumun, demək olar ki, qlobal ekoloji fəlakətə gətirib çıxarması hətta Vaşinqtonda həddindən artıq narahatlıq doğurdu.
ABŞ Dövlət departamentinin kommünikesində husilərin davam edən hücumlarının milyonlarla barel xam neftin Qırmızı dənizə axıdılması təhlükəsi yaratdığı və bunun da “Exxon Valdez” tankerinin fəlakətindən törənən fəsadlardan dörd dəfə çox olduğu vurğulandı.

ABŞ-nin sözlərinə görə, bölgəyə humanitar yardımın çatdırılmasını poza bilən husilər regional ekosistemi və balıqçılıq sənayesini də məhv etmək niyyətində olduqlarını gizlətmirlər.

Husiləri bu hərəkətləri dərhal dayandırmağa çağıran Vaşinqton, eyni zamanda digər ölkələri ekoloji fəlakətin qarşısını almaq üçün hərəkətə keçməyə səsləyib. Başqa sözlə desək, ABŞ acizliyini və bölgədəki səmərəsiz hərbi əməliyyatlarının “çirkli” nəticələrini dadmaq istəmədiyini etiraf edib.

Husilər Qırmızı dənizdə zədələnmiş “Sounion” tankerinin ərazidən çıxarılması üçün müvəqqəti atəşkəsə razılaşsalar da, daha sonra “Ənsar Allah” hərəkatı Qəzzada müharibənin davam etdiyi müddətdə Qırmızı dənizdə “İsrail rejimi”nin sahillərinə gedən neft tankerlərinə hücumları dayandırmaq niyyətində olmadığını açıqladı. Öz təhdidlərinin ciddiliyini təsdiqləyən husilər bir gün ərzində Qırmızı dənizdə Səudiyyə Ərəbistanı bayrağı altında üzən “Amjad” və Panama bayrağının qaldırıldığı “Blue Lagoon I” tankerlərinə hücum etdilər. Maraqlıdır ki, birinci tanker husilərin heç bir şikayəti olmadığı Rusiyadan neft daşıyırdı.


Hiusilərin qlobal logistika sistemini sarsıdan hücumları bu günə qədər davam edir və qlobal ticarətə böyük ziyan vurur. İnanılmaz olsa da, həqiqətdir ki, ən primitiv üsullardan istifadə edən yəmənli üsyançılar qlobal logistika üçün ən vacib tranzit məntəqələrindən birini bloklaya biliblər. Qərbin “naviqasiya azadlığının keşikçiləri”nin asayişi bərpa etmək üzrə bütün əməliyyatları isə uğursuzluqla nəticələnib.

Üstəlik, husilər hətta ABŞ Hərbi Dəniz Qüvvələrinin (HHQ) gəmilərinə, o cümlədən “Eisenhower” təyyarə gəmisi kimi böyük hədəflərə hücum edirlər. Bu hücumlar elə uğurlu olmasa da, ABŞ-nin Beşinci Donanmasını Yəmən sahillərindən geri çəkilmək məcburiyyəti ilə üzləşdirdi.


Amerika HHQ üçün husilərlə, demək olar ki, hər gün çoxsaylı pilotsuz təyyarələrin hücumlarını dəf etmək məcburiyyətində qaldığı münaqişə II Dünya Müharibəsindən bəri ən kəskin olan qarşıdurmadır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   husilər   məğlubiyyət  





Xəbər lenti