Kreml Şolzun “sülh planı” na münasibət bildirib

   Kreml Şolzun    “sülh planı”   na münasibət bildirib
  09 Sentyabr 2024    Oxunub:246
Hazırda Rusiya ilə Ukrayna arasında “hərbi münaqişənin” sülh yolu ilə həlli üçün heç bir ilkin şərt yoxdur. Hələlik faktiki olaraq, hansısa konturlar müşahidə olunmur.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya kansleri Olaf Şolzun Ukraynada müharibəni tezliklə bitirmək üçün danışıqlara başlamaq barədə çağırışını şərh edərkən jurnalistlərə açıqlamasında belə deyib.

“Biz Avropa ölkələrindən müxtəlif bəyanatlar eşidirik, amma əslində bütün bu prosesə, bütün kollektiv Qərbə dirijorluq edən ölkədən bu barədə bəyanatlar görmürük”, - Peskov dolayısı ilə ABŞ-nin bostanına daş atıb.

Şolz müharibəni bitirmək üçün müzakirələrə başlamağa çağırıb
Qeyd edək ki, dünən Almaniya kansleri Olaf Şolz “ZDF” telekanalına müsahibəsində müharibənin sonunu necə sürətləndirmək barədə geniş müzakirələrə başlamağın vaxtının artıq çatdığını bildirib.

Şolzun bu çağırışı İtaliyanın məşhur “La Repubblica” qəzetinin də diqqətindən kənarda qalmayıb. Nəşrin fikrincə, ötən həftə Almaniyanın şərqində baş tutan yerli seçkilərdə hakim koalisiyanın məğlubiyyətindən narazı qalan Şolz vəziyyəti düzəltmək üçün
“Ukrayna kartını ortaya çıxararaq, tarixə sülh kansleri” kimi düşmək istəyir.

“Almaniya kansleri Olaf Şolz Rusiya və Ukrayna arasında Moskvanı danışıqlar masasına oturtmaq üçün nəzərdə tutulan sülh planı üzərində işləyir. Çox güman ki, söhbət Ukraynanın ərazi güzəştlərindən gedir və plan Ukrayna ərazilərinin bir hissəsinin Moskvaya verilməsini istisna etmir. Tarixə “sülh kansleri” kimi düşmək istəyən Şolz Almaniyanın şərqindəki seçkilərin uğursuzluğundan məyus olub. Ukrayna kartı ilə oynamaqla vəziyyətini yaxşılaşdırmağa ümid edir”, - qəzet yazır.

Xatırladaq ki, sentyabrın 1-də Türingiya və Saksoniya əyalətlərində keçirilmiş seçkilərdə sağçı Almaniya üçün Alternativ (Afd) partiyası və Xristian Demokrat İttifaqı (XDİ) 30%-dən çox səs toplayaraq qalib gəliblər. Şolzun mənsub olduğu Sosial Demokrat Partiyasına (SPD) Türingiyada cəmi 6,1%, Saksoniyada isə 7,3% səs yığa bilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Şolz   Peskov   sülh  





Xəbər lenti