ABŞ-dən İsrailə: "Müharibə oyun deyil"

      ABŞ-dən İsrailə:    "Müharibə oyun deyil"
  10 Sentyabr 2024    Oxunub:1198
"Livanla sərhəddə İsrail və "Hizbullah" arasında genişmiqyaslı müharibə fəlakətə gətirib çıxaracaq və gözlənilməz nəticələr doğuracaq".
Bu sözləri Vaşinqtonda baş tutan Yaxın Şərq-ABŞ Sammiti (MEAD) forumu çərçivəsində ABŞ hökumətinin adı açıqlanmayan ali dərəcəli nümayəndəsi israilli jurnalistlərə açıqlamasında deyib.

"Laboratoriya şəraitində müharibə hazırlamaq yolverilməzdir, axı bu oyun deyil. İsrail Silahlı Qüvvələrinin imkanlarına şübhə ilə yanaşmıram, ancaq düşünməliyik, hər iki tərəf üçün ciddi nəticələr qaçılmazdır", - o vurğulayıb.

Ötən ilin oktyabrında Qəzza zolağında müharibəyə paralel şəkildə başlayan sərhədboyu İsrail-"Hizbullah" toqquşmaları son günlərdə daha da şiddətlənib. İsrailin hökumət və hərbi nümayəndələri Livana genişmiqyaslı hücumun tərəfdarıdırlar. Məsələn, MEAD-ın sözügedən forumunda İsrailin keçmiş hərbi kabinetinin üzvü, ordu generalı Benni Qants diqqətə çatdırmışdı ki, "ölkənin əsas problemi artıq Qəzzada HƏMAS-la müharibə yox, şimalda "Hizbullah"la, Livanla və İranla münaqişədir".
Qants: "İran əsas problemimizdir"

"Qəzzada əsir götürülən vətəndaşlarımızın xilası üçün razılığa gəlməliyik, ancaq yaxın zamanda, bir neçə gün və ya bir neçə həftə ərzində bacarmasaq, şimala üz tutmalıyıq. Lazım gələrsə, bütünlüklə Livan dövlətini vurmağa qadirik. Çünki HƏMAS-la münaqişə artıq təqribən başa çatıb. Əsas məsələmiz İran və onun regiondakı tərəfdaşlarıdır", - Qants söyləyib.

Bu kimi açıqlamalar "Hizbullah" terror təşkilatını öz himayəsində saxlayan İranın da regiondakı münaqişəyə müdaxiləsi ehtimalını və beləliklə, böyük İran-İsrail müharibəsi riskini artırmaqdadır. Hələ ötən aylarda belə bir təhlükədən ehtiyatlanan ABŞ özünün Yaxın Şərqdəki qüvvələrinə dəstək göndərib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Yaxın-Şərq   münaqişə  





Xəbər lenti