ABŞ-dəki 11 sentyabr terror aktlarından 23 il ötür

   ABŞ-dəki 11 sentyabr terror aktlarından 23 il ötür
  11 Sentyabr 2024    Oxunub:867
Bu gün ABŞ-də törədilmiş dəhşətli terror aktlarının ildönümüdür. 11 sentyabr hadisələri, “Əl-Qaidə” qruplaşmasının üzvləri tərəfindən 2001-ci ildə ABŞ-də baş vermiş və dünya tarixində dərin iz buraxmış terror hücumlarıdır.
Rəsmi məlumatlarda bildirilir ki, 2001-ci il sentyabrın 11-də səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin Nyu-York şəhərindəki 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.

“Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.

Terror aktı nəticəsində təxminən 3 min insan həlak olub, minlərlə insan yaralanıb. 19 terrorçu ölüb, 24 nəfər isə itkin düşüb. Faciədən sonra Nyu-York şəhərinə dəyən zərərin ümumi həcminin 36 milyard dollar olduğu açıqlanıb.

Bu hadisələrdən sonra ABŞ və onun müttəfiqləri terrorizmə qarşı mübarizə aparmaq üçün geniş miqyaslı tədbirlər gördü. Bu da "Terrorizmlə Mübarizə" adı altında Əfqanıstana və İraqa hərbi müdaxilələrə gətirib çıxardı.

11 sentyabr hadisələri ilə əlaqədar bu gün ABŞ-da “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Federal binalarda dövlət bayraqları endirilir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: ABŞ   11sentyabr   terror  





Xəbər lenti