Azərbaycan CIFTIS sərgisində təmsil olunur

Azərbaycan CIFTIS sərgisində təmsil olunur
  14 Sentyabr 2024    Oxunub:912
Azərbaycan Pekində keçirilən Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) iştirak edir.
CIFTIS Çin üçün açıq platforma rolunu oynayan, xidmətlərin inkişafını təşviq edən və innovasiyaya öncüllük edən mühüm bir tədbirdir. Bu il sərgidə 80-dən çox ölkə və beynəlxalq təşkilat iştirak edir. “Qlobal xidmətlər, ortaq rifah” mövzusu ilə keçirilən sərgi, yüksək səviyyəli xidmətlər ticarəti sammiti, 100-dən çox forum və tədbirə ev sahibliyi edir.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi və AZPROMO-nun təşkilatçılığı ilə qurulan Azərbaycanın vahid ölkə stendi ölkəmizin xidmətlər ticarəti sahəsində nailiyyətlərini və göstərilən xidmətləri beynəlxalq ictimaiyyətə təqdim edir. Azərbaycan stendində investorlara göstərilən xidmətlər və dəstək mexanizmləri, nəqliyyat xidmətləri, turizm sektoru, kino çəkilişləri sahəsindəki imkanlar, eləcə də kosmik sənaye sahəsində təklif olunan xidmətlər haqqında məlumatlar yer alıb.

Bununla yanaşı, stenddə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Ələt Azad İqtisadi Zonasında və sənaye parklarında investorlar üçün yaradılan münbit şərait və təklif olunan imtiyazlar haqqında geniş məlumat təqdim edilir. Stend Azərbaycanın beynəlxalq arenada xidmətlərini tanıtmaq və yeni əməkdaşlıq imkanları yaratmaq məqsədi ilə qurulub.

Qeyd edək ki, 2012-ci ildən keçirilən CIFTIS sərgisinin əsas təşkilatçıları Çinin Kommersiya Nazirliyi və Pekin meriyasıdır. Bununla yanaşı, Dünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı CIFTIS-i daim dəstəkləyən qurumlardır.

CIFTIS beynəlxalq ticarət və iqtisadi inkişaf üçün mühüm bir platforma hesab olunur. Çin bu sərgi vasitəsilə qlobal əməkdaşlığı dərinləşdirir və innovasiyaları təşviq edir. CIFTIS-in rolu, müxtəlif ölkələr arasında əlaqələri gücləndirmək və ticarət xidmətlərini genişləndirmək üçün vacib bir vasitədir. Bu platforma dünyanın müxtəlif ölkələri üçün yeni imkanlar və əməkdaşlıq yolları açır.

Azərbaycan bu mühüm platformada ardıcıl 6 ildir ki, iştirak edir və xidmətlər sektorundakı uğurlarını və potensialını nümayiş etdirir.

AzVision.az



Teqlər:





Xəbər lenti