Kiyevin qələbə planı nəyi nəzərdə tutur?
“Planda Rusiyanın dərinliklərindəki hədəflərə qarşı Qərb silahlarının istifadəsinə icazə verilməsi tələbi qoyulur. Həmçinin, Ukraynanın cəbhənin müəyyən sektorlarında lokal atəşkəsi və vəziyyətin müvəqqəti dondurulmasını qəbul etməyə hazır olduğu vurğulanır. Zelenski indi hər şeyi bir karta qoymaq və döyüş meydanında dönüşə nail olmaq istəyir”, - Bundesverin Münhendəki universitetinin hərbi eksperti Karlo Masala “Bild” nəşrinə açıqlamasında deyib.
- Mən ona qələbə planını - Ukraynaya bu müharibəni sülhə doğru istiqamətləndirmək üçün kifayət qədər güc verəcək bir-biri ilə əlaqəli həllər sistemini təqdim edəcəyəm”, - Ukrayna prezidenti vurğulamışdı.
Lakin Volodimir Zelenskinin strateji kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin “Bild” qəzetinin Ukrayna prezidentinin qələbə planı ilə bağlı qeyri-səhih məlumatlar yaydığını və Kiyevin “müharibənin istənilən formada dondurulmasına qarşı” olduğunu iddia edib.
“Bild saxta məlumat yayıb. Nəşr qələbə planını görməyib və hazırda prezident tərəfindən qələbə planının hazırlanmasında iştirak edən bir neçə nəfərdən heç biri “Bild”ə danışmayıb. Heç kim ruslara Minsk-3-ü və ya digərini verməyəcək. Kiyev müharibənin istənilən şəkildə dondurulmasının əleyhinədir və Ukrayna hökumətinin bütün səviyyələrində bundan danışılır. Bizim üçün ABŞ-nin Ukraynanın qələbə planını dəstəkləməsi vacibdir, kapitulyasiyanı və ya dondurulmanı yox”, - Ukrayna prezidentinin müşaviri vurğulayıb.
Ukrayna prezidentinin ofisində bildirblər ki, qələbə planı ilk olaraq məhz ABŞ-yə təqdim olunacaq, çünki Vaşinqton onun məzmununun həyata keçirilməsini təmin etməyə qadirdir.
Bu arada, Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Kiyevdə keçirilən 20-ci YES (Yalta Avropa Strategiyası) konfransında iddia edib ki, Rusiya müharibəni 2025-ci ilin sonu - 2026-cı ilin əvvəlində öz qələbəsi ilə bitirmək istəyir.
“Onlar bütün bunlara son qoymaq istəyirlər. Çünki öz hesablamalarına görə, əgər bu müharibədən şərti qalib kimi çıxmasalar, təxminən 30 ildən sonra Rusiyanı super güc kimi görmək imkanından məhrum olacaqlar. Onlar təxminən 2025-ci ilin yayında iqtisadiyyata mənfi təsirin ölkələri üçün daha çox nəzərə çarpacağını proqnozlaşıdırlar”, - Budanov deyib.
Onun sözlərinə görə, Rusiyada ordu sıralarının doldurulması məsələsi getdikcə daha da kəskinləşir. Artıq 2025-ci ilin yayında Kreml dilemma ilə üzləşəcək - yeni səfərbərlik elan etmək və ya hərbi əməliyyatların intensivliyini azaltmaq. Bu isə, son nəticədə Rusiya üçün kritik ola bilər.
Sahil İsgəndərov
AzVision.az