Azərbaycan-Pakistan biznes forumu keçirilib - FOTOLAR

Azərbaycan-Pakistan biznes forumu keçirilib -    FOTOLAR
  16 Sentyabr 2024    Oxunub:218
Azərbaycan-Pakistan biznes forumunda iki ölkənin rəsmiləri və müxtəlif sektorları təmsil edən sahibkarlar arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb.
AzVision.az xəbər verir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi, Pakistanın Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Pakistanın Ticarətin İnkişafı İdarəsinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan - Pakistan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, əczaçılıq, tekstil, sənaye və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın sahibkar iştirak edib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycan və Pakistan arasında digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət əlaqələrinin də yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və biznes imkanları, Pakistan şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyəti barədə məlumat verib.

Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdıran nazirin müavini işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin, o cümlədən bu gün 4-cü iclası keçirilən birgə işçi qrupun və biznes forumun tərəfdaşlığa töhfə verəcəyini, yeni əməkdaşlıq imkanlarının yaranmasına, regionlararası münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Pakistan İslam Respublikasının Ticarət Nazirliyinin katibi Cavad Paul biznes forumu ölkələrarası ticarətin genişləndirilməsi, Azərbaycan ilə Pakistan arasında davamlı iqtisadi əməkdaşlıq üçün əlverişli platforma kimi qiymətləndirib. Nazirliyin katibi Pakistanın biznes dairələri ilə əməkdaşlıq istiqamətlərini, o cümlədən sənaye, enerji, turizm, nəqliyyat-logistika kimi sahələrdə imkanları qeyd edib.

Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Qasım Mohiuddin Azərbaycan-Pakistan yüksək səviyyəli diplomatik əlaqələrinin iqtisadi tərəfdaşlığın inkişafı və diversifikasiyası üçün möhkəm zəmin yaratdığını bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirləri, bu sahədə Agentliyin fəaliyyətini, eləcə də KOB sahəsində Pakistanın müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev qurumun ixracın təşviqi istiqamətində həyata keçirdiyi işlər və Pakistanla ticarət və investisiya əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb. Sonda Pakistanın biznes və investisiya mühitinə dair videoçarx nümayiş olunub, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub.

AzVision.az

Qalereya




Teqlər: İqtisadiyyat-Nazirliyi  





Xəbər lenti