Ukrayna müharibədən yorulub

   Ukrayna müharibədən yorulub
  01 Oktyabr 2024    Oxunub:1067
Ukrayna hazırda müharibənin ən qaranlıq dövrü olacaq məqama doğru gedir. Kiyev ölkənin şərqindəki döyüş meydanında uduzur, rus qoşunları böyük insan və texnika itkiləri hesabına olsa da, yorulmadan irəliləyir.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” qəzetində dərc edilmiş geniş icmalda Ukraynadakı vəziyyət məhz belə qiymətləndirilir.

Çünki ABŞ-dəki danışıqlardan evə qayıdan prezident Vladimir Zelenski Rusiyanın hücumu, iki il yarımlıq müharibədən yorulmuş cəmiyyət və qışda enerji qıtlığı təhlükəsi ilə məşğul olmalıdır.

Məqalənin müəllifləri Pokrovsk şəhəri yaxınlığındakı komanda məntəqəsindəki hərbçilərin Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Qərb raketlərindən istifadə olunması ilə bağlı Vaşinqtonun qərarsızlığından təəssüfləndiklərini yazır. Halbuki, Rusiya ordusu Donetsk vilayətində yerləşən Pokrovsk istiqamətində irəliləyir.

Hücumçu PUA-nın operatoru şikayət edib ki, “bir əlimiz arxada bağlanmış halda yox, iki əlimizlə” döyüşə bilsə idik, Ukrayna Silahlı Qüvvələrinin daha güclü Rusiya ordusuna qarşı mübarizə şansı ola bilərdi.

“Düşməni 1991-ci il sərhədlərinə qədər sıxışdıra biləcəyimizi təsəvvür etmək olduqca çətindir”, - hərbçilərdən biri deyib.

Nəşrin qiymətləndirməsinə görə, bir vaxtlar torpaqlarını azad etmək ümidindən ilhamlanan əsgərlər indi “əbədi müharibə” perspektivinə son qoymaq üçün Rusiya ilə danışıqlar aparmaq istəyirlər. Qəzetin həmsöhbətlərindən biri danışıqların tərəfdarı olduğunu deyib. Oğlu da əsgər olan bu döyüşçü övladının ömrünün çox hissəsini döyüşlərdə keçirəcəyindən, nəvəsinə isə sonsuz münaqişələrin miras qala biləcəyindən qorxur.

“ABŞ kranı bağlasa, bizim işimiz bitəcək”, - başqa bir zabit də təşvişini gizlətməyib.

Ukrayna getdikcə azalan sıralarını motivasiyalı və yaxşı təlim keçmiş əsgərlərlə bərpa etmək üçün mübarizə aparır, özbaşına hərbi səfərbərlik sistemi isə real sosial gərginlik yaradır. Ukrayna, həmçinin qışda elektrik və potensial olaraq həm də istilik enerjisinin kəsilməsi təhlükəsi ilə üzləşib.

Ali Radanın Xarici Siyasət Komitəsinin rəhbəri Aleksandr Merejkonun təbirincə, “cəmiyyət tükənib”.

“Eyni zamanda, Rusiyanın tezliklə danışıqlara başlamaq istəyinə şübhə ilə yuanaşmasına və Ukraynanın mövqeyinin hazırda ədalətli razılaşma üçün çox zəif olmasından qorxmasına baxmayarq, münaqişəni danışıqlar yolu ilə tənzimləmək naminə Zelenski Qərb tərəfdaşlarının artan təzyiqinə məruz qalır”, - qəzet bildirir.

Yüksək vəzifəli ukraynalı məmurlardan biri çoxlarının gərginliyin azaldılmasının tərəfdarı olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   müharibə   yorğunluq  





Xəbər lenti