Polşada Azərbaycan sərgisi keçirilib

Polşada Azərbaycan sərgisi keçirilib
  14 İyul 2014    Oxunub:1270
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Polşada səfərdədir.
Polşanın "Təhsil və İnkişaf üzrə Avropa Fondu" Şuranın xarici QHT-lərə göstərdiyi maliyyə yardımı çərçivəsində fotosərgi və konfrans təşkil edib. Azərbaycana həsr edilən hər iki tədbir Varşavanın Mito qallereyasında baş tutub. Sərgidə yer alan fotolar Azərbaycanın bu günkü sürətli inkişafını, müasirliyini və mədəniyyətini tərənnüm edib.

"Mədəniyyətlərarası körpülərin qurulması" layihəsi çərçivəsində keçirilən tədbirdə yerli QHT nümayəndələri, ölkəmizin Polşadakı səfirliyinin əməkdaşları, jurnalistlər, Varşavadakı universitetlərin tələbələri iştirak edib.

Tədbirdə çıxış edən Şura sədri həyata keçirilən layihə haqqında sərgiyə gələnlərə məlumat verərək bildirib ki, bu cür layihələr hər iki ölkənin xalqlarını və o cümlədən QHT-rini bir birinə daha da yaxınlaşdırmağa xidmət edir. Azay Quliyev qeyd edib ki, Polşa Azərbaycan üçün dost ölkədər və iki ölkə arasında əlaqələrinin qədim tarixi var. Ötən il Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranmasından 540 il keçdiyini deyən millət vəkili bildirib ki, Azərbaycanda yaşayan polyaklar ölkəmizin inkişafına uzun illər töhfələrini veriblər. 20-ci əsrin əvəllərində Bakının baş memarı, milliyətcə polyak olan Yozef Goslavski haqqında danışan Azay Quliyev onun Bakıda günümüzə gəlib çatan bir çox məşhur tarixi binaların memarı olduğunu qeyd edib. Azay Quliyev bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə memarın yaşadığı binaya xatirə lövhəsi vurulub.

Bakı Slavyan Universitetində polyak dilinin tədris olunduğunu deyən Azay Quliyev bütün bunların ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin bariz gösdəricisi olduğunu bildirib.



Daha sonra Azərbaycan iqtisadiyyatının inkişafından danışan A.Quliyev Cənubi Qafqaz ÜDM-nin 80 faizinin Azərbaycanın payına düşdüyünü qeyd edib. A. Quliyev bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən əsas ölkədir və bu istiqamətdə Transxəzər qaz kəməri, TANAP və digər layihələrinin gerçəkləşməsində maraqlıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Şura sədri qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların ölkəmizdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri ölkəmizin 20 faiz ərazisini hələ də işğal altında saxlamaqda davam edir. Münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurd-yuvasından qaçqın düşüb.

Daha sonra polşalı tanınmış səyahətçi Agnieşka Siejka tərəfindən Azərbaycana aid təqdimat keçirilib. A.Siejkanın bu ilin əvvəlində Azərbaycana səfəri zamanı Quba, Qusar, Şəki, Qobustan və Bakıda çəkdiyi fotolardan hazırlanan təqdimat ölkəmizin görməli gəzməli yerləri, milli mətbəxi, təbiəti və adət ənənələrindən bəhs edir. Yüksək peşəkarlıqla hazırlanan təqdimat toplantı iştirakçılarının böyük marağına səbəb olub.



Təqdimatın sonunda Agnieşka Siejka ölkəmizə gəlməmişdən əvvəl bölgə haqqında araşdırma apararkən belə bir fikrə rast gəldiyini söyləyib: "Mənə dedilər ki, turizm məqsədilə Gürcüstanda 3 ay, Ermənistanda 2 ay, Azərbaycanda isə maksimum 2 gün qalmaq olar. Ancaq mən Azərbaycana gedəndən sonra bu fikrin tam əksinin şahidi oldum. Azərbaycan mədəniyyəti, gözəl təbiəti, qonaqpərvərliyi və müasir inkişafı ilə turistlər üçün çox cəlbedici bir ölkədir. Orada aylarla və hətta illərlə qalıb yaşamaq olar. Mən sizin hamınızı Azərbaycana səyahət etməyə və bu gözəl diyarı yenidən kəşf etməyə dəvət edirəm".

Təqdimatdan sonra "Bakı Ağ Şəhər" layihəsinin konsepsiyasını əks etdirən 3D görünüşü nümayiş olunub. Videoda qeyd edilmişdir ki, Bakı Ağ şəhər layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi fərmanı ilə təsdiq olunub. 221 hektar sahəni əhatə edən bu ərazidəki inzibati və yaşayış binaları, müxtəlif ticarət mərkəzləri, istirahət parkları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 3D görünüş ulu öndər Heydər Əliyevin "Qara şəhəri ağ şəhərə çevirək" sözləri ilə yekunlaşıb.

Tədbirin konfrans hissəsində müasir arxitekturanın qloballaşan dünyada rolu və qarşılıqlı əlaqəsi, Bakı və Varşavanın memarlıq abidələrinin müqayisəsi mövzusunda müzakirələr keçirilib. Tədbirə qatılan hər 3 məruzəçi memar - Marsin Çeçoviş, Magdalena Rysak və Voysex Kasperski mövzu ətrafında çıxış etdikdən sonra konfrans iştirakçıların suallarına ətraflı cavab veriblər.

Toplantının sonunda tədbirə dəvət olunan polşalıların Azərbaycanın inkişafı, inşaat və turizm potensialı ilə bağlı sualları ətrafında fikir mübadiləsi aparılıb.



Teqlər:  





Xəbər lenti