İsrail analoqu olmayan hücum hazırlayır

   İsrail    analoqu olmayan    hücum hazırlayır
  08 Oktyabr 2024    Oxunub:889
İranda “Yaxın Şərqdə indiyədək olmayan” hücum gözlənilir.
AzVision.az xəbər verir ki, İsrailin Müdafiə Qüvvələrinin ehtiyatda olan general-mayoru, 2006-cı ilin yanvarından 2010-cu ilin noyabrınadək Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi Amos Yadlin belə iddia ilə çıxış edib.

Yadlinin bu açqılamasından əvvəl, oktyabrın 5 və 6-da ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla İsrail Müdafiə naziri Yoav Qalant və İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi ilə görüşüb. Görüşdə regiona qarşı davam edən təhdidləri İranın dəstəkləməsi, habelə regionda sabitliyin yaradılması və İsrailin təhlükəsizliyinin təminatı səylərinin müzakirə olunduğu bildirilir.

“Bizdə məlumat var ki, İranın raket hücumuna İsrail tərəfindən cavab verilmək üzrədir. Pentaqon İsraili İranın nüvə obyektlərinə hücum ehtimalı ilə bağlı qiymətləndirməsi barədə məlumatlandırıb”, - Pentaqonun yüksək vəzifəli təmsilçisi deyib.

Maraqlıdır ki, “The New York Times (NYT)” nəşri də İsrailin İrandakı hərbi obyektlərə, eləcə də kəşfiyyat obyektlərinə və ya İran rəhbərliyi ilə əlaqəli obyektlərə zərbələr endirəcəyini yazıb.

Bununla belə, qəzet hazırkı mərhələdə İsrailin İranın nüvə obyektlərinə hücum etməsi ehtimalının az olduğunu vurğulayır. Çünki müzakirə nəticəsində Tehranın vəziyyəti gərginləşdirəcəyi və ya hücumları davam etdirəcəyi təqdirdə İsrail bu məqsədlərini saxlamaq qərarına gəlib. NYT hansı müzakirələrdən sonra belə qərarın verildiyini açıq şəkildə bildirməsə də, söhbətin məhz 2-3 gün əvvəl ABŞ-nin CENTCOM rəhbərinin Yoav Qalant və Herzi Halevi ilə görüşünün nəticələrindən getdiyi şübhə doğormur.

Bu arada, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns yaxın həftələrdə Yaxın Şərqdəki münaqişənin regional miqyasda daha da kəskinləşməsi üçün real riskin olduğunu söyləyib.

Corciya ştatının Si-Aylend şəhərində keçirilən “Cipher Brief Threat” konfransında çıxış edən Berns bildirib ki, həm İsrail, həm də İran liderləri genişmiqyaslı müharibəyə can atmasalar da, eskalasiya riski yüksəkdir.

- Biz ciddi nəticələrə səbəb ola biləcək qəsdən toqquşmaların və anlaşılmazlıqların potensialını görürük. ABŞ üçün ən vacib vəzifə vəziyyətin daha da pisləşməsinin qarşısını almaqdır”, - “Bloomberg” agentliyi Uilyam Bernsdən sitat gətirir.

MKİ-nin direktoru həmçinin qeyd edib ki, İsrailin İranın raket hücumuna necə cavab verməsi ilə bağlı qərarının qlobal bazarlar da daxil olmaqla mühüm nəticələri olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   İran   hücum  





Xəbər lenti