Aİ-nin Ermənistandakı missiyasının mandatı 2 il uzadıla bilər
Bir neçə gün əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev NATO-nun hərbi qərargahının rəhbəri, general Yanuş Adamçak ilə Bakıda görüşdə Aİ missiyasının bölgədə vəziyyəti gərginləşdirdiyinə diqqət çəkərək, onun şərti sərhəddən geri çəkilməsi zərurətini vurğulayıb.
Qeyd edək ki, 200 nəfərlik missiya 2023-cü ilin fevralında iki il müddətinə Ermənistana göndərilib. Yəni onun mandatının bitməsinə cəmi dörd ay qalıb. Bununla belə, Ermənistanla Aİ arasında müqavilədə müşahidəçilərin mandatının daha iki il müddətinə uzadıla biləcəyi qeyd olunur.
Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Sarkis Xandanyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirib ki, hələlik bu mövzuda müzakirələr aparılmasa da, missiyanın müddətinin uzadılması gözlənilir.
Onun fikrincə, bu missiyanın fəaliyyəti Ermənistan və Aİ arasında ikitərəfli münasibətlər çərçivəsində tənzimləndiyi üçün üçüncü tərəflərin bu prosesə müdaxiləsi yersizdir.
Lakin Azərbaycanın və Rusiyanın bu missiyanın mövcudluğundan narazılığı tam məntiqlidir. Çünki Bakı və Moskva Aİ-nin müşahidə missiyasının tərkibində xüsusi xidmət orqanlarının və güc strukturlarının təmsilçilərinin fəaliyyət götərdiyinə, onların hər iki ölkə barədə kəşfiyyat məlumatları topladıqlarına əmindirlər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan Aİ missiya