Xocalıda Ailə Sağlamlıq Mərkəzi açılacaq - TƏBİB

 Xocalıda Ailə Sağlamlıq Mərkəzi açılacaq - TƏBİB
  25 Oktyabr 2024    Oxunub:1519
Qarabağda tibbi xidmətlərin optimallaşdırılması, gücləndirilməsi, habelə modul tipli xəstəxanaların inşası və istismara verilməsi planlaşdırılıb.
Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova oktyabrın 25 də TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına (Xəstəxana) təşkil olunmuş mediatur zamanı deyib.

Onun sözlərinə görə, bu gün Qarabağda hərtərəfli yenidənqurma işləri çərçivəsində TƏBİB tərəfindən səhiyyə qurumlarının təşkili istiqamətində işlər görülür:

"Hazırda proses davam edir və əsasən dizayn-tərtibat işləri həyata keçirilir. Xocalıda Ailə Sağlamlıq Mərkəzinin açılışı nəzərdə tutulub. Eyni zamanda, Laçında, Şuşada və digər yerlərdə xəstəxanalar tikilməkdədir".

Zamirə Ədilova həmçinin bildirib ki, bölgələrdəki tibbi qurumlarda müşahidə olunan çatışmazlıqların da aradan qaldırılması istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə genişmiqyaslı layihə həyata keçirilir:

"Bu layihə ilkin səhiyyə xidmətinin təşkilini də özündə ehtiva edir. Layihə çərçivəsində tibbi xidmətlərin optimallaşdırılması, gücləndirilməsi, habelə modul tipli xəstəxanaların inşası və istismara verilməsi planlaşdırılır".

Səbinə Həsənova
AzVision.az


Teqlər: TƏBİB   Qəbələ   mediatur  





Xəbər lenti