Almaniyanın avtomobil nəhəngləri böhranla üzləşib

   Almaniyanın avtomobil nəhəngləri    böhranla    üzləşib
  29 Oktyabr 2024    Oxunub:1069
Almaniyanın “Volkswagen” avtomobil şirkətinin əmək şurasının rəhbəri Daniela Kavallo rəhbərliyin on minlərlə işçini ixtisar etməyi, Almaniyada ən azı üç fabrikini bağlamağı və qalanlarında istehsalı azaltmağı planlaşdırdığını bildirib.
AzVision.az “BBC” yayım korporasiyasına istinadən xəbər verir ki, Avropanın böyük avtomobil istehsalçısı olan “Volkswagen” şirkəti həftələrdir həmkarlar ittifaqları ilə biznesi yenidən qurmaq və xərcləri azaltmaq planları barədə danışıqlar aparır. O cümlədən, bir çox onilliklər ərzində ilk dəfə Almaniyada fabrikləri bağlamaq imkanını nəzərdən keçirir.

“Rəhbərlik bütün bunlara tamamilə ciddi yanaşır. Bu, danışıqlarda qılınc cingildətmək deyil. Bu, Almaniyanın ən böyük sənaye qrupunun öz ölkəsindəki zavodlarını satmağa başlamaq planıdır”, - Daniela Kavallo avtomobil istehsalçısının Volfsburqdakı ən böyük zavodunun işçilərinə deyib.

Xanım Kavallo hansı problemin hansı fabriklərə toxunacağını və “Volkswagen” qrupunun Almaniyadakı təxminən 300 min işçisindən neçəsinin işini itirə biləcəyini açıqlamayıb. Eyni zamanda, həmkarlar ittifaqları öz qərarında israrlı olacağı halda onlarla danışıqları dayandıracağı ilə hədələyib.

Federal hökumətin təmsilçisi Berlinin “Volkswagen” şirkətinin vəziyyətindən xəbərdar olduğunu, şirkət və işçilərin nümayəndələri ilə sıx dialoq apardığını bildirib.
Şirkətin rəhbərliyi, öz növbəsində, əmək xərclərini azaltmağın vacib olduğunu iddia edir.

“Volkswagen” ticarət markasına rəhbərlik edən Tomas Şefer, Alman fabriklərinin aşağı məhsuldarlıq göstərdiyini və məqsədyönlü xərclərin 25-50% yuxarı olduğunu söylədi. Onun sözlərinə görə, konsernin xərcləri bəzi rəqiblərinin analoji xərclərindən iki dəfə çoxdur.

Əslində, son illərdə “Volkswagen” şirkəti yüksək enerji və əmək qiymətləri, Asiya istehsalçılarının, ilk növbədə Çinin şiddətli rəqabəti, Avropa və Çində tələbin zəifləməsi və uğursuz “elektrik inqilabı” – inkişaf etmiş ölkələrin elektrik enerjisinə geniş keçidi səbəbindən ciddi problemlər yaşayır.

Yeri gəlmişkən, Almaniyanın digər avtomobil istehsalçıları da keçən həftə bədbin xəbərlər yayıblar. “Mercedes-Benz” şirkəti mənfəətin aşağı düşməsindən sonra xərclərin azaldılması tədbirlərini gücləndirəcəyinə söz verib. Səhmlərinin nəzarət paketi “Volkswagen” konserninə məxsus olan avtomobil istehsalçısı “Porsche” şirkəti Çindəki diler şəbəkəsini kəsdiyini və qazancının milyardlarla avro dəyərində azaldığını elan edib. Üstəlik bu həftə Avropa İttifaqında (Aİ) Çinin istehsal etdiyi elektrik avtomobillərinə yeni, daha yüksək tariflər qüvvəyə minir.

Qeyd edək ki, “Volkswagen Group” konserni “Audi”, “Bentley”, “Lamborghini”, “Porsche”, “SEAT” və “Škoda” minik avtomobilləri, “MAN” və “Scania” yük maşınları, habelə “Ducati” motosikletləri də daxil olmaqla bir sıra digər tanınmış brendlərin sahibidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   şirkətlər   böhran  





Xəbər lenti