FT: “Rusiya və Ukrayna danışıqlar aparırlar”

           FT:    “Rusiya və Ukrayna danışıqlar aparırlar”
  30 Oktyabr 2024    Oxunub:996
Ukrayna və Rusiya enerji infrastrukturuna qarşılıqlı hücumlara son qoymaq barədə ilkin danışıqlar aparırlar.

AzVision.az Böyük Britaniyanın “Financial Times (FT)” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, Ukraynanın Rusiyanın Kursk vilayətinə hərbi müdaxiləsi səbəbindən avqustda əldə olunmuş razılaşmanın pozulmasından sonra danışıqlar Qətərin vasitəçiliyi ilə bərpa edilib. Bu razılaşma davam edən hərbi münaqişənin səngiməsi istiqamətində mühüm addım ola bilər.

“Nəyə isə yenidən baxılması barədə çox erkən danışıqlar gedir. Hazırda enerji obyektləri ilə bağlı danışıqlar aparılır”, - müzakirələrin gedişindən xəbərdar olan bir diplomat vəziyyəti şərh edib.

Bundan əvvəl, Ukrayna prezidenti Vladimir Zelenski “FT” nəşrinə müsahibəsində belə bir razılaşmanın Rusiyanın daha geniş sülh danışıqlarına hazır olduğuna işarə ola biləcəyini deyib.

Ukraynanın yüksək vəzifəli rəsmilərinin məlumatına görə, artıq hər iki tərəfdən enerji infrastrukturuna hücumların tezliyində azalma müşahidə olunub ki, bu da ölkələrin kəşfiyyat xidmətləri arasında ilkin razılaşmanın nəticəsidir. Danışıqlar prosesinin gələcək inkişafının mövcud hərbi münaqişələrin həlli imkanlarından və hər iki tərəfin qarşılıqlı şərtlərindən asılı olacağı gözlənilir.

Qeyd edək ki, hələ avqust ayında “The Washington Post (WP)” qəzeti məxfi mənbələrdən aldığı məlumata istinadən Moskva və Kiyevin münaqişənin sona çatmasını müzakirə etmək üçün məxfi danışıqlar aparmağı planlaşdırdıqları barədə yazmışdı. Tərəflərin iki ay ərzində enerji obyektləri üzrə qarşılıqlı təcavüzə məruz qalmamaq barədə sazişin bağlanması imkanlarını nəzərdən keçirdikləri bildirilir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   danışıqlar  





Xəbər lenti