Qanunsuzluq: İki müharibənin veteranı məktəb direktoru ilə bacarmır

// Gəncədəki 39 saylı orta məktəbin direktoru 4 məhkəmə qərarını saymır

      Qanunsuzluq:    İki müharibənin veteranı məktəb direktoru ilə bacarmır
  30 Oktyabr 2024    Oxunub:2316
Gəncə şəhər sakini, birinci və ikinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan zabit Səfər Hüseynov üzləşdiyi haqsızlıqla bağlı təhsil naziri Elm və Təhsil naziri Emin Əmrullayevə məktub ünvanlayıb. Məktubda deyilir ki, 19 il hərbi rəhbər vəzifəsində qüsursuz işlədiyi Gəncə şəhər 39 saylı orta məktəbin direktoru Nizami Rzayev onu dərsə gəlməyən şagirdlərə qayıb yazdığına görə, ətrafındakı bir neçə müəllimi məcbur edərək, saxta sənədləşmə yolu ilə qanunsuz və qərəzli şəkildə işdən çıxarıb.

1968-ci il təvəllüdlü veteran bildirir ki, məsələyə hüquqi müstəvidə qiymət verilməsi üçün Gəncə şəhər məhkəməsinə müraciət edib. 8 ay ərzində aparılan 15 məhkəmə iclası prosesində Gəncə şəhəri 39 saylı orta məktəbin direktoru Nizami Rzayevin onu həqiqətən də qanunsuz və qərəzli olaraq işdən çıxartdığı sübuta yetirilib { iş -- 2 ( 125 ) - 865 /2022}. Məhkəmə veteranın xeyrinə qətnamə çıxararaq, əvvəlki işinə bərpa olunması barədə qərar verib.

Bundan sonra məktəbin direktoru Nizami Rzayev Gəncə Apellyasiya məhkəməsinə müraciət edib. Həmin instansiya da Səfər Hüseynovun xeyrinə Qətnamə çıxarıb {iş - 2 ( 104 ) - 206 / 20 24}.
Ali Məhkəmə də veteranın işinə bərpa olunmasım barədə əvvəlki Qətnamələri qüvvədə saxlayıb {iş - 2(102 ) - 3324 / 2023}.


Amma məktəbin direktoru Nizami Rzayev bu məhkəmə qərarlarını icra etmir, süni şəkildə maneələr yaradır, Səfər Hüseynovun əvvəlki işinə bərpa olunmasına imkan vermir.

“Bu barədə Elm və Təhsil Nazirliyinin bir çox məsul şəxslərinə, o cümlədən şəxsən Sizə, ombudsmana, deputata, tanıdığım hərbçilər vasitəsilə nazirliyin mətbuat xidmətinə və digər üst səviyyəli məmurlara, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və s. dəfələrlə müraciət etmişəm, amma bu müraciətləri nə araşdıran olub, nə də mənə cavab verən. 3 ilə yaxın davam edən şikayətlərimin cavabsız qalması və 4 məhkəmə qərarının icra edilməməsi iki müharibə veteranını Sizə mətbuat vasitəsilə müraciət etməsi ilə nəticələndi. Cənab nazir, nazirlikdə çalışan çoxsaylı məmur ordusundan niyə bir nəfər iki müharibə veteranına cavab verməyi özünə sığışdırmır? Niyə mənim iyul ayında təqdim etdiyim səs yazılarını nazirliyin müvafiq qurumları araşdırmır?”,- deyə veteran məktubunda soruşur.


Səfər Hüseynov nazirdən xahiş edir ki, 4 məhkəmə qərarının icrası və əvvəlki işinə bərpa olunması üçün ona köməklik göstərəsin. Gəncə şəhəri 39 saylı orta məktəbin direktoru Nizami Rzayevin əməllərinə münasibət bildirsin. Onun sözlərinə görə, məktəb direktorunun korrupsiya əməlləri, müəllimləri və şagirdləri təhqir etməsi, dövlət əmlakını mənimsəməsinə dair tutarlı faktları var. Veteran sadaladığı əməllərlə bağlı səs yazılarını da nazirliyə göndərib.

“Direktorun korrupsiya faktlarını kimsə araşdırmaq istəmir. Deputat etiraf edir ki, direktor onları saymır, zənglərinə cavab vermir. Araşdırma aparan nazirliyin müvafiq vəzifəli şəxsləri bir dəfə də olsun iki müharibə iştirakçısına zəng vurub, korrupsiya faktları barədə izahat almaq istəmədilər”,- yazan Səfər Hüseynov nazirdən prosesi şəxsi nəzarətində saxlamasını xahiş edir.

Samir Quliyev
AzVision.az


Teqlər: Hüquq   Məktəb   Veteran  





Xəbər lenti