Qazaxıstan mediası COP29-dan yazdı

Qazaxıstan mediası COP29-dan yazdı
  02 Noyabr 2024    Oxunub:713
Uzun müddətdir ki, böyük neft və qaz ehtiyatları ilə tanınan Azərbaycan son vaxtlar yaşıl enerjiyə keçidini sürətləndirib. Ölkə qlobal dekarbonizasiya məqsədlərinə cavab verən dayanıqlı enerji infrastrukturunu inkişaf etdirmək məqsədilə neft ixracından əldə edilən gəlirlərdən istifadə edir.
Bu barədə “Kazinform” beynəlxalq informasiya agentliyinin “Neft dollarlarını yaşıllaşdırmaq: resursla zəngin ölkələr təmiz enerjini necə inkişaf etdirir” sərlövhəli məqaləsində deyilir.

Agentlik qeyd edir ki, dünyada yaşıl enerjiyə keçidin sürətləndiyi bir vaxtda bir çox ölkələr davamlı təcrübələri inteqrasiya etmək və qazıntı yanacaqlarından asılılığı azaltmaq üçün unikal yanaşmalar tətbiq edir. Azərbaycan, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Qazaxıstan kimi neft və qaz ölkələri coğrafi, iqtisadi və siyasi amillərlə formalaşan fərqli strategiyaları təmsil edir.

Məqalədə neft hasil edən ölkələrin yaşıl enerjinin inkişafına investisiyaları araşdırılır.

Azərbaycanla bağlı hissədə qeyd olunur ki, respublika müstəqillik əldə etdikdən sonra neft ixracı, xüsusilə də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabına xeyli sərvət toplayıb. 2023-cü ilə qədər ARDNF-də əsasən neft və qaz gəlirləri hesabına 53 milyard dollardan çox vəsait toplanıb. Əvvəlcə infrastrukturun inkişafı və sosial proqramlar üçün istifadə edilən bu vəsait indi ölkənin enerji kompleksinin şaxələndirilməsi məqsədilə qismən yaşıl enerji layihələrinə ayrılır.

Agentlik yazır: “Azərbaycan neft sərvətinin artan hissəsini yaşıl enerji mənbələrinə sərf edir. Rəsmilərin dediyinə görə, külək, günəş və su elektrik enerjisinə sərmayələr də daxil olmaqla, bərpaolunan enerji layihələrinə 1,5 milyard dollardan 2 milyard dollara qədər vəsait ayrılıb. Məqsəd milli enerji balansında 2030-cu ilə qədər neft hesabına maliyyələşdirilən investisiyalar tərəfindən dəstəklənən bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaqdır.

Ölkənin qazıntı yanacaqlarından asılılığının azaldılmasında əsas rol oynayacağı gözlənilən 240 MVt gücündə Xızı Abşeron külək stansiyası və 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası kimi irimiqyaslı bərpaolunan enerji layihələrinə əhəmiyyətli investisiyalar yatırılıb”.

Məqalədə qeyd edilir ki, Azərbaycan yaşıl enerji sahəsində “Masdar (BƏƏ) və “ACWA Power” (Səudiyyə Ərəbistanı) kimi şirkətlərin təcrübəsindən bərpaolunan enerji layihələrində istifadə etməklə onlarla əməkdaşlıq edir. Ölkə “ACWA Power”ın külək layihələrindən 2,5 GVt daxil olmaqla, ümumi gücü 7 GVt olan böyük günəş və külək elektrik stansiyalarının tikintisini planlaşdırır”.

Materialda daha sonra diqqətə çatdırılır: “Azərbaycan, həmçinin Yaşıl Enerji Dəhlizi çərçivəsində Xəzər dənizi vasitəsilə Avropaya yaşıl enerji ixrac etmək planlarını hazırlayır. Respublika 2027-ci ilə qədər səkkiz günəş və külək elektrik stansiyasının tikintisi də daxil olmaqla 2,8 milyard dollar dəyərində enerji layihələrini həyata keçirməyi planlaşdırır.

Bundan əlavə, Azərbaycan Qazaxıstan və Özbəkistanla bu dəhliz üzrə müştərək müəssisənin yaradılması barədə razılıq əldə edib. Azərbaycan, Gürcüstan və Avropa arasında yaşıl enerjinin nəqli üçün Qara dəniz kabel layihəsi hazırda texniki-iqtisadi əsaslandırma mərhələsindədir və əsas nəticələrin Bakıda COP29-da təqdim olunacağı gözlənilir”.

Məqalədə vurğulanır ki, BMT-nin qarşıdan gələn iqlim dəyişikliyi konfransı - COP29 Azərbaycana böyük imkanlar yaradır.

Kazinform qeyd edir: “Yaşıl enerji layihələrinə və bərpaolunan enerji mənbələrinə sadiqliyini nümayiş etdirən Azərbaycan yeni beynəlxalq investisiyalar almağa və qlobal maliyyə institutları ilə əməkdaşlığı gücləndirməyə ümid edir”.

AzVision.az



Teqlər:





Xəbər lenti