Tokayev: “Qazaxıstan orta dövlətdir”

      Tokayev:    “Qazaxıstan orta dövlətdir”
  05 Noyabr 2024    Oxunub:952
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Fransanın “Le Figaro” qəzetində dərc edilən məqaləsində ölkəsinin “orta güc” olduğunu bildirib.
Dünyada geosiyasi koordinatlar sisteminin əhəmiyyətli dəyişikliklərə məruz qaldığını vurğulayan Qazaxıstan prezidenti, bunun çoxtərəfli əməkdaşlığa yanaşmaların yenidən nəzərdən keçirilməsini tələb etdiyini deyib. Bu baxımdan, yeni reallığın əsas aspektlərindən biri orta güclər qrupunun artan rolunun etirafıdır. Belə ki, ölkələrin iqtisadi və siyasi nüfuzu artır, onların tarazlaşdırılmış və konstruktiv mövqeyi qlobal qeyri-müəyyənlik şəraitində üstünlüyə çevrilir.

Kasım-Jomart Tokayevin sözlərinə görə, böyük dövlətlərin kompromis əldə edə bilmədiyi şəraitdə məhz orta güclər getdikcə daha çox vasitəçi rolunu öz üzərinə götürür, dialoq imkanlarını qoruyur və qlobal əməkdaşlıq prinsiplərinə sadiq qalır.

“Uzun illərdir ki, Qazaxıstan fəal şəkildə tarazlaşdırılmış xarici siyasət yürüdür və qlobal diplomatiyanın təşviqində iştirak edir. Orta dövlətin yeni statusu həqiqətən də bu mühüm missiyanın həyata keçirilməsində ölkəmizin üzərinə böyük məsuliyyət qoyur”, - Tokayev öz məqaləsində yazır.

Qazaxıstan prezidenti müasir təhdidlər və artan münaqişə potensialı kontekstində ölkəsinin sülhməramlı prosesləri və sivilizasiyalararası dialoqu dəstəklədiyinə diqqət çəkir.

- Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar üçün platforma yaratmaqla biz hər iki ölkənin münasibətlərində yeni səhifə açmaq istəyini tam dəstəkləyirik. Əvvəllər Astana Suriya məsələlərinə dair danışıqlarda ev sahibliyi edib, həmçinin İranın nüvə proqramı üzrə çoxtərəfli danışıqlar üçün platforma təqdim edib”, - məqalədə deyilir.

Materialda Qazaxıstanda, həmçinin mütəmadi olaraq dünya və ənənəvi dinlərin liderlərinin konqreslərinin keçirildiyi və bunun dinlərarası dialoqun təşviqi üçün unikal platforma rolunu oynadığı bildirilir. Bu səylər həmrəylik, bərabərlik və sülh kimi ümumi dəyərləri əks etdirir.

“Qazaxıstan kimi orta güclərin çoxtərəfli dialoqu təşviq, qlobal və regional sabitliyi təmin etmək üçün öz imkanlarından istifadə etməsi zəruridir. Ardıcıl olaraq fəal, praqmatik və tarazlaşdırılmış balanslaşdırılmış xarici siyasət yürüdən Qazaxıstan bundan sonra da bütün dövlətlərlə əməkdaşlığı gücləndirərək bu prosesə fəal töhfə vermək niyyətindədir”, - Kasım Komart Tokayev vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tokayev   Qazaxıstan   orta-güc  





Xəbər lenti