Trampın qələbəsi dolları bahalaşdırdı

 Trampın qələbəsi dolları bahalaşdırdı
  08 Noyabr 2024    Oxunub:827
"Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi birjalara da təsirsiz ötüşməyib. Seçki nəticələrindən təsirlənən birjalarda bondların, dolların, əsas səhmlərin və eləcə də bitcoinin qiymətində artımlar qeydə alınıb. ABŞ bondları 4.5 faiz, dollar isə səbət valyutalara nisbətən 2.0 faiz güclənib. Bitcoinin qiyməti ilk dəfə olaraq 75.0 min dollaradək yüksəlib".
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ABŞ birjalarında pozitiv dəyişikliklərə rəğmən digər aparıcı ölkə bazarlarında volatillik davam edib:

"Avro dollara nisbətən 2.0 faizə yaxın ucuzlaşıb. İnvestorlar Trampın ikinci prezidentlik dönəmində ABŞ-nin daxili bazarına yönəlik siyasətinin güclənəcəyini güman edirlər. Bu səhər 2.0 faizə yaxın dəyər qazanan S&P 500 indeksi məhz onun birinci prezidentliyi dövründə 70.0 faizə dəyər qazanmışdı.

Göründüyü kimi, ABŞ indekslərində artım fonunda digər aparıcı qlobal mərkəzlərin birjalarında xüsusi canlanmalar müşahidə edilmir. Bu isə, Trampın birinci prezidentlik dönəmindəki iqtisadi siyasəti davam etdirəcəyi ilə bağlı mesajlar ilə əlaqədərdir.

Mask və Kennedi hakimiyyətin Trampa verilməsinə kömək edirlər
Trampın yenidən prezident seçilməsinin Azərbaycan ABŞ münasibətlərinə təsirlərinə gəldikdə isə ölkəmiz Birləşmiş Ştatlar ilə əməkdaşlıq ruhunda əlaqələrdə maraqlıdır. Bütövlükdə, Azərbaycan ərazi bütövlüyü və suverenliyə hörmət çərçivəsində digər dövlətlər ilə münasibətlərin güclənməsinə töhvə verir".

Deputat onu da qeyd edib ki, ABŞ-dəki son prezident seçkilərinin nəticələrinin Azərbaycan iqtisadiyyatı və eləcə də manata təsirlərinə gəldikdə isə, ölkəmizin əsas ticarət tərəfdaşı Avropa İttifaqı olduğundan bu tərəflər arasındakı ticarət dövriyyəsinə xüsusi təsir göstərməyəcək:

"Bununla belə, dünya bazarında dolların səbət valyutalara nisbətən daha möhkəmlənməsi və enerji resurslarının qiymətinin azalacağı da istisna deyil. Amma ABŞ-Körfəz əməkdaşlığı da neftin qiymətinə xüsusi təsirlərə malik olacaq. Belə əməkdaşlıq birjalarda nefti potensial təsirlərdən qoruya bilər".

Xatırladaq ki, sabiq ABŞ lideri Donald Tramp dünən rəqibi Kamal Harisə prezidentlik yarışında 51%lə qalib gələrək, təkrarən Ağ Evə qayıdıb. Beləliklə, ardıcıl olmadan ikinci dəfə prezident seçilən ikinci şəxs kimi ölkə tarixinə düşüb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   Tramp   dollar  





Xəbər lenti