Deputat: “Cəmiyyətdə ciddi sosial problem mövcuddur”

      Deputat:    “Cəmiyyətdə ciddi sosial problem mövcuddur”
  07 Noyabr 2024    Oxunub:875
Azərbaycanda məişət zorakılığına qarşı ciddi mübarizə aparılır. Amma bu müstəvidə birtərəfli yanaşma nəzərə çarpır.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev belə deyib.

“Burada daha çox qadınların məişət zorakılığına məruz qaldığı vurğulanıb. Qadınların məişət zorakılığına çox həssas olduğunu deməzdim. Mən müstəntiq işləmişəm. Bir çox hallarda qadınlarımız ailədə dözülməz vəziyyət yaradırlar. Gənclər bir-birini tanımadan ailə qururlar. Onlar uşaq dünyaya gələndə cüzi maaş alarkən problemləri necə həll edəcəklərini nəzərə almırlar. Maddi problemlər ailədə psixoloji gərginliyə səbəb olur”, - Milli Məclisin üzvü bildirib.

Deputatın fikrincə, sosial vəziyyət də məişət zorakılığının səbəblərindən biridir. Bu sahədə ciddi araşdırmalar aparılmalıdır. Məsələn, ir çox ölkələrdə cinayət tərkibi olmadığı halda şikayətlərə baxılarkən həmin şəxsin 10 seans psixoloq qəbuluna yazılması və ya ona qarşı işin başlanması məsələsi qaldırılır.

- Məişət zorakılığının baş verməsində əsas amil mədəniyyət məsələsidir, lakin sosial status da eyni dərəcədə mühüm rol oynayır. Qadınlar bu cür zorakılıqla üzləşdikdə hüquq-mühafizə orqanlarına müraciət etməsələr də, bunu analarına, ailə üzvlərinə deyirlər. Amma kişilər bu haqda danışmırlar. Kişilərin daha qısa ömür sürməsinin səbəbi bəlkə də budur. Məişət zorakılığından daha çox kişilər əziyyət çəkir”, - Qüdrət Həsənquliyev vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: MM   Həsənquliyev   sosial  





Xəbər lenti