“Qiyamət buzu” əriyir

// Antarktida “qalxan”ını yerə qoyur

   “Qiyamət buzu” əriyir
  10 Noyabr 2024    Oxunub:4303
Antarktidanın bir hissəsini təşkil edən və alimlərin “Qiyamət günü buzlağı” adlandırdıqları Tueyt Buzlağı gözlənildiyindən daha sürətlə əriyir. Florida ştatından böyük olan buzlağın tam əriməsi okeanın səviyyəsinin 11 fut (3.3528 metr) qalxmasına səbəb olacaq.
Tueyt Buzlağı “Qərbi Antarktida Buz Qalxanı” (West Antarctic Ice Sheet - WAIS) adlanan və Texas ştatından 3 dəfə böyük olan hövzənin əsasını təşkil edir. Bu “qalxan” nisbətən ilıq okean suyunun Antarktidanın dərinliklərinə dolmasının qarşısını kəsir. Ona görə də bu səddin aradan qalxması bütövlükdə qitənin əbədi buzlarının əriməsinə, əsl “Qiyamət Günü” ssenarisinin həyata keçməsinə səbəb olacaq.

Hazırda Tueyt Buzlağı ildə 4% əriməklə okeana 50 milyard ton su əlavə edir. Amma iqlim dəyişikliyi buzlağın ərimə sürətini artırıb. Ərimə sürəti kritik həddi keçəndən sonra WAIS səddinin aradan qalxması nəticəsində bütövlükdə Antarktidanın donunun açılması prosesi başlayacaq.

Tədqiqatın müəlliflərindən biri, Vaterloo Universitetinin qlaseologiya üzrə professoru Kristina Dou “Scientific American” jurnalına bildirib ki, əvvəlki kompüter modelləri Tueyt Buzlağının təxminən 500 ilə tam əriyəcəyini göstərirdilər. İndi isə bu müddət dəfələrlə azalıb. Daha böyük problem isə odur ki, buzlağın əriməsi ətrafdakı buz dağlarının da sabitliyini pozur.

Bəs nəsə etmək mümkündürmü? Tədqiqatın həmmüəllifi, Laplandiya Universitetinin Arktik Araşdırmalar mərkəzinin professoru Con Mur deyib ki, ağlabatan bir təklif irəli sürə bilmək üçün buzlaq geomühəndislərinə azı 15 il vaxt lazımdır.


Bəzi ideyalar kifayət qədər radikal görünür: Məsələn, ilıq suyun Tueyt buzlağına tərəf hərəkətinin qarşısını almaq üçün dənizin altında xüsusi pərdə çəkmək kimi.

Kolumbiya İqlim İnstitutunun iqlim iqtisadçısı Gernot Vaqnerə görə isə, belə fantastik təkliflərdənsə, real addımları tezləşdirmək və atmosferə atılan karbon emissiyalarını mümkün qədər qısa vaxtda azaltmaq lazımdır.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İqlim   Buzlaq  





Xəbər lenti