İlham Əliyev Monqolustan Prezidenti ilə görüşdü - Yenilənib

   İlham Əliyev Monqolustan Prezidenti ilə görüşdü -  Yenilənib
  11 Noyabr 2024    Oxunub:623
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı Monqolustan Prezidentini Bakıda görməkdən məmnunluğunu ifadə edərək, dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə ona minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bu görüşün Uxnaaqiyn Xurelsux ilə ilk görüş olduğunu deyərək bunun ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını vurğuladı.

Dövlətimizin başçısı bundan əvvəl beynəlxalq tədbirlər çərçivəsində Uxnaaqiyn Xurelsux ilə təmaslarını məmnunluqla xatırlayaraq, Monqolustan Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri tarixi hadisə kimi dəyərləndirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.

Xoş sözlərə və COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Monqolustan Prezidenti dövlətimizin başçısının dəvətini qəbul edərək Azərbaycana səfərindən böyük məmnunluğunu ifadə etdi.

Monqolustan Prezidenti dedi ki, bu görüşü ikitərəfli əlaqələr üçün tarixi görüş hesab edir.

Qonaq ölkəmizin COP29-a ev sahibliyi və sədrlik etməsi münasibətilə təbriklərini çatdırdı.

Uxnaaqiyn Xurelsux da öz növbəsində Prezident İlham Əliyev ilə bundan əvvəl beynəlxalq səviyyəli tədbirlərdə təmaslarını məmnunluqla xatırladı.

Ölkələrimiz arasında 32 ildir diplomatik əlaqələrin qurulduğunu deyən qonaq Azərbaycan Prezidentini Monqolustana səfərə dəvət etdi.

Monqolustan Prezidenti dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin ona dərin təəssürat bağışladığını dedi. Uxnaaqiyn Xurelsux ölkələrimiz arasında tarixi yaxınlığın olduğunu da vurğuladı. O, ölklələrimiz arasında ikitərəfli hüquq-müqavilə bazasının inkişaf etdirilməsinin önəminə toxundu.

Prezident İlham Əliyev Monqolustana səfərə dəvətə və COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərə görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti də öz növbəsində Monqolustan Prezidentinin rəhbərliyi ilə bu ölkənin inkişaf etdiyini vurğuladı.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olundu, xarici işlər nazirləri və digər aidiyyəti qurumlar səviyyəsində səfərlərin təşkili ilə bağlı təlimatlar verildi. Monqolustanda investisiya imkanları barədə fikir mübadiləsi aparıldı.

Görüşdə hökumətlərarası komissiyanın yaradılması, turizm, təhsil, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahələrində əməkdaşlığın perspektviləri müzakirə olundu.

***
Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



AzVision.az


Teqlər:





Xəbər lenti