Dövlət Komitəsində Aleksandra Bilak ilə görüş keçirilib

Dövlət Komitəsində Aleksandra Bilak ilə görüş keçirilib
  16 Noyabr 2024    Oxunub:738
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Cenevrə Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru xanım Aleksandra Bilak və Mərkəzin bacarıqların artırılması üzrə meneceri Saad Karim ilə görüşüb.
Qonaqlara ölkəmizdə hazırda qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verilib. Bildirilib ki, bu kateqoriyadan olan insanların sosial müdafiəsinin səmərəli təşkili Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da onların yaşayış şəraiti, təhsili, sağlamlığı, məşğulluğu, mədəni inkişafı ilə bağlı məsələlərinin həllinə təsirli dəstək göstərir.

Qeyd olunub ki, Ermənistanın işğalına son qoyduqdan, öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdikdən sonra Azərbaycan məcburi köçkün vətəndaşlarını yenidən doğma yurdlarına qaytarmaq istiqamətində genişmiqyaslı tədbirlər görür. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində aparılan sorğularda məcburi köçkünlərin mütləq əksəriyyətinin öz ata-baba torpaqlarına dönmək istədiyi bildirilib. Böyük Qayıdışın sürətləndirilməsinə yalnız Ermənistanın işğalçı qüvvələrinin vaxtilə torpaqlarımızda basdırdığı mina və partlamamış hərbi sursatlarla bağlı təhlükənin mane olduğu vurğulanıb. Buna baxmayaraq, qayıdış prosesi mərhələli qaydada davam etdirilir.

Aleksandra Bilak həmkarı ilə birlikdə Bakıya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə gəldiyini və fürsətdən istifadə edərək yenidən ölkəmizdə məcburi köçkünlərlə bağlı vəziyyətlə tanış olmaq istədiyini bildirib, səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edib. COP29-un yüksək səviyyədə təşkilini xüsusi vurğalayan avropalı qonaq Böyük Qayıdışla bağlı məsələlərin həlli istiqamətində Azərbaycan hökumətinin fəaliyyətini izlədiklərini və görülən işlərin rəğbət doğurduğunu qeyd edib.

Xatırladaq ki, qeyd olunan Mərkəz daxili yerdəyişmə ilə bağlı dünyanın aparıcı məlumat və təhlil mənbəyi sayılır. Xanım Aleksandra Bilak 2019-cu ildə də ölkəmizə səfərə gəlib, məcburi köçkünlərin vəziyyəti ilə yerində tanış olub.

AzVision.az



Teqlər:





Xəbər lenti