Çində Ostinlə görüşdən imtina ediblər

   Çində Ostinlə görüşdən imtina ediblər
  20 Noyabr 2024    Oxunub:636
ABŞ-nin Tayvana silah satmasına cavab olaraq, Pekin noyabrın sonunda müdafiə nazirlərinin görüşü barədə Vaşinqtonun təklifini rədd edib.
AzVision.az
bu barədə məlumat yayan “CNN” telekanalına istinadən xəbər verir ki, Pentaqonun rəhbəri Lloyd Ostin daha əvvəl çinli həmkarı Dun Tszyun ilə müdafiə nazirlərinin Laosda keçirilən“ASEAN plyus” toplantısı çərçivəsində danışıqlar aparmağı təklif etmişdi. Lakin Pekin ABŞ-nin Tayvana son silah satışını əsas gətirərək bu təklifi qəbul etməyib.

“Çin ABŞ-dən narazılığını göstərmək üçün müntəzəm şəkildə görüşləri ləğv edir və rabitə xətlərini kəsir”, - telekanal bildirib.

Xatırladaq ki, oktyabr ayında ABŞ-nin Dövlət departamenti Tayvana təxminən 2 milyard dollar məbləğində “NASAMS” hava hücumundan müdafiə (HHM) sistemlərinin və radar stansiyalarının satıla biləcəyini təsdiqləyib.

Noyabrın 17-də isə Çinin sədri Si Cinpin Peruda ABŞ prezidenti Co Baydenlə görüşündə bildirib ki, Vaşinqton Tayvan boğazında sülhü qorumaq istəyirsə, bu məsələyə ehtiyatlı yanaşmalı, Taybeyin müstəqilliyinə açıq şəkildə qarşı çıxmalı və onun Çinlə sülh yolu ilə birləşməsini dəstəkləməlidir.

Qeyd edək ki, Çan Kayşinin başçılıq etdiyi Qomindan qüvvələrinin qalıqları Çində vətəndaş müharibəsində məğlubiyyət nəticəsində oraya qaçdıqdan sonra, Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Pekinin əksər ölkələr tərəfindən dəstəklənən rəsmi mövqeyinə görə, bu, Çin Xalq Respublikasının regionlarından biridir.

Vaşinqton 1979-cu ildə Taypey ilə diplomatik əlaqələri kəsərək ÇXR ilə əlaqələr qurub. Bununla belə, “Vahid Çin” siyasətini tanıyan Birləşmiş Ştatlar Taybey administrasiyası ilə əlaqə saxlamağa və adanı silahlandırmağa davam edir ki, bu da Çinin hesablamalarına görə, son bir neçə ildə 70 milyard dolları keçib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Çin   Ostin   görüş   imtina  





Xəbər lenti