Co Bayden oğlunu əfv etdi
Beləliklə də, Hanter Bayden qanunsuz silah saxlanmasına və vergidən yayınma hallarına görə cinayət işləri üzrə əfv edilib. Birinci iş üzrə hökmün çıxarılması dekabrın 12-də, ikinci iş üzrə isə dekabrın 16-da gözlənilirdi.
“Mən bu işdə ABŞ Ədliyyə nazirliyinin işinə təsir göstərməyəcəyimə dair vədimə əməl etdim. Amerikalıların ata və prezidentin niyə belə bir addım atdığını anlayacaqlarına ümid edirəm. Mənim oğluma qarşı irəli sürülən ittihamlar siyasi motivlidir. Bunlar məni “sındırmaq” cəhdləri idi, ona görə də Hanterə hücumların dayanacağını düşünməyimə heç bir səbəb yoxdur”, - Co Bayden iddia edib.
ABŞ prezidenti oğlunu əfv etmək qərarını çox düşündükdən sonra və bunun təkcə qohumluq əlaqələri ilə yox, həm də məhkəmənin ədalətsiz olduğuna əminliyi əsasında veridyini bildirib.
- Mən ədalətə inanıram, amma inanıram ki, siyasət bu prosesə nüfuz edib və ədalətin pozulmasına gətirib çıxarıb”, - ABŞ prezidenti deyib.
Vəziyyətlə tanış olan iki mənbənin “NBC News” telekanalına ötürdüyü məlumata əsasən, Co Bayden ən azı Hanter Baydenin iyun ayında məhkum olunduğu vaxtdan bəzi ən yaxın köməkçiləri ilə oğlunu əfv etmək barədə müzakirələr aparır.
Onların dediyinə görə, yayda, Amerika prezidenti hələ də seçki kampaniyasının iştirakçısı olanda, “məsələnin masada qalmasına” rəğmən, Co Baydenin öz oğlunu əfv etməyəcəyini açıq şəkildə bildirəcəyi qərara alındı. Noyabrın əvvəlində Ağ Evin mətbuat katibi Karin Jan-Pyer də prezidentin mövqeyinin dəyişmədiyini bildirmişdi.
Qeyd edək ki, sentyabr ayında Hanter Bayden doqquz vergi cinayətinin hamısında günahını etiraf etdi. Amerika mediası milli qanunvericiliyə uyğun olaraq, iş üzrə müttəhimə qarşı irəli sürülən ittihamların 17 ilə qədər həbs cəzası nəzərdə tutduğuna diqqət çəkib.
Daha əvvəl isə oğul-Bayden Delaver ştatının Uilminqton şəhərində qanunsuz silah saxlamaqla bağlı üç ittiham əsasında məhkum edilib. Bu cinayət üzrə ABŞ qanunlarına görə maksimum cəza 25 il həbs və 750 min dollar məbləğində cərimədir.
Sahil İsgəndərov
AzVision.az