İlham Əliyev iki ölkənin yeni səfirini qəbul edib

   İlham Əliyev iki ölkənin yeni səfirini qəbul edib
  03 Dekabr 2024    Oxunub:472
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də El-Salvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı əməkdaşlığın qurulması istiqamətində səfirin öz səylərini əsirgəməyəcəyinə, bu baxımdan onun Azərbaycanın rəsmi qurumları ilə səmərəli əlaqələr quracağına ümidvar olduğunu bildirərək, bir sıra sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqla bağlı imkanların müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.

Səfir ilk növbədə COP29-da ölkəsinin iştirakını məmnunluqla xatırlayaraq, bu tədbirin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik edib. O vurğulayıb ki, COP29-un təşkili, ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər, Bakı şəhərinin gözəlliyi bu tədbir zamanı El-Salvadordan Azərbaycana səfərə gəlmiş nümayəndə heyətinə dərin təəsürat bağışlayıb.

Bu il Azərbaycanla El-Salvador arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinin qeyd edildiyini deyən Enrike Haime Kalderon müxtəlif istiqamətlərdə əməkdaşlığın qurulmasının vacibliyinə, o cümlədən infrastruktur, nəqliyyat, energetika sahələri üzrə ölkəsinə investisiya qoyuluşu imkanlarının müəyyən edilməsinin önəminə toxunub.

Səfir Azərbaycanın energetika sahəsində böyük uğurlar qazandığını vurğulayaraq, bu istiqamətdə ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildirib.

Dövlətimizin başçısı əlaqələrimizin irəli aparılması üçün ilk növbədə adi insanların və biznes dairələrinin ölkələrimiz barədə daha çox məlumatlanmalarının vacibliyinə toxunub.

Söhbət zamanı Azərbaycanla El-Salvador arasında iqtisadiyyat, ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edilib.



Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi. Azərbaycanın və Mavritaniyanın ənənəvi olaraq dostluq şəraitində əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlət başçısı bunun beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də qarşılıqlı dəstək və birgə fəaliyyətdə də özünü büruzə verdiyini dedi. Prezident İlham Əliyev müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin önəminə toxunaraq, siyasi əlaqələrin genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin təşkilinin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ilk növbədə Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaninin salamlarını və ən xoş arzularını Azərbaycanın dövlət başçısına çatdırdı. Sid Əhməd əl-Bekaye Hamadi vurğuladı ki, Mavritaniya Prezidenti iki dost ölkə arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı ona tapşırıqlar verib.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mavritaniya Prezidentinə çatdırmağı xahiş etdi.

Sid Əhməd əl-Bekaye Hamadi COP29-un çox uğurla keçirilməsi və Azərbaycan Prezidentinin müdrik rəhbərliyi ilə ölkənin böyük nailiyyətlər qazanması və sürətli inkişafı münasibətilə təbriklərini çatdırdı.

İki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyən səfir səhiyyə, təhsil, kənd təsərrüfatı, balıqçılıq və mədənçilik sahələrindəki geniş imkanları qeyd etdi. O, həmçinin Mavritaniyadan olan tələbələr üçün Azərbaycanda təhsil təqaüdlərinin verilməsi imkanlarına baxılmasını xahiş etdi.

Görüşdə ikitərəfli iqtisadi-ticari əlaqələrin potensialının araşdırılması üçün müvafiq işçi qruplarının yaradılması və səfərlərin təşkil edilməsi məsələsi qeyd olundu.

Söhbət zamanı elm və təhsil sahələrində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparıldı.

AzVision.az



Teqlər:





Xəbər lenti