NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti Azərbaycanda səfərdə olub

   NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti Azərbaycanda səfərdə olub
  13 Dekabr 2024    Oxunub:682
NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti ölkəmizdə səfərdə olub.

AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsen və onun rəhbərlik etdiyi "Ali kurs"un heyəti ölkəmizə "Sahə Araşdırmaları səfəri" çərçivəsində ADA Universtitetində və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də olub.

ADA Universitetində keçirilən tədbiri giriş nitqi ilə prorektor, Milli Məclisin deputatı Fariz İsmayılzadə açıb.
Sonra fəxri qonaq qismində dəvət olunan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib.

H.Hacıyev "Azərbaycanın xarici siyasəti", "Regional Təhlükəsizlik və yeni çağırışlar" mövzularında çıxış edib, qonaqları maraqlandıran sualları cavablandırıb.

Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova "Azərbaycanın Enerji Strategiyası" mövzusunda təqdimat verərək ölkəmizin iştirak etdiyi regional və dünyəvi iqtisadi layihələr barədə qonaqları məlumatlandırıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Ramil Şükürov tərəfindən ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb, həmçinin "Azərbaycan-NATO əməkdaşlığı" və "Müdafiə strategiyası" mövzularına dair təqdimat verib.

NATO Müdafiə Kollecinin "Ali Kurs"unun dinləyicilərinin ünvanladığı suallar çıxış edənlər tərəfindən cavablandırılıb.

Tədbirdə, həmçinin Slovakiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Layçak, Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya, Müdafiə Nazirliyinin və ADA Universitetinin nümayəndələri iştirak ediblər.

Limanın ərazisindəki müasir infrastruktur və obyektlərlə tanış olan qonaqlar limanın inkişafı və gələcək perspektivləri barədə əldə etdikləri məlumatlardan məmnun olduqlarını ifadə ediblər.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti