Ermənistan KTMT-dən çıxsa, nə olacaq? Bordyuja ssenariləri açıqladı

  Ermənistan KTMT-dən çıxsa, nə olacaq?  Bordyuja ssenariləri açıqladı
  15 Dekabr 2024    Oxunub:821
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dayandırması qərarı Rusiyada kəskin tənqid edilib. KTMT-nin 2003-2016-cı illər arasında baş katibi olmuş Nikolay Bordyuja bu addımı “nəhəng səhv” kimi xarakterizə edib və vurğulayıb ki, Ermənistan uzun illər ərzində həm Rusiya, həm də KTMT üzvlərindən “böyük dəstək” görüb.
“Suveren hüquq, lakin səhv strategiya”

TASS-a müsahibəsində Bordyuja bildirib ki, təhlükəsizlik sistemini necə təşkil edəcəyinə dair qərar vermək Ermənistanın suveren hüququdur. Qurumdan çıxıb-çıxmamaq da öz işidir, lakin hazırkı addımı yanlış məlumatlara söykənən səhv qərardır: “Ali siyasi rəhbərlik ölkənin təhlükəsizlik strategiyasını necə təşkil etməli olduğunu özü müəyyənləşdirir. Əgər bu qərarı daha uyğun hesab edirlərsə, bu, onların seçimidir. Ancaq mən bu qərarı nəhəng səhv adlandırıram. Bu addım həqiqətə uyğun olmayan məlumatlara əsaslanır”.

"Ermənistan rəhbərləri yalan danışır"

Bordyuja Ermənistanın bəzi yüksək vəzifəli şəxslərinin KTMT və Rusiyadan yardım görmədikləri ilə bağlı açıqlamalarını təkzib edib. O, əksinə, Ermənistanın hərbi, texniki və təşkilati baxımdan davamlı şəkildə böyük dəstək aldığını vurğulayıb: “Ermənistan rəhbərliyinin Rusiyadan və KTMT-dən heç bir yardım almadıqlarını bəyan etməsi həqiqətə uyğun deyil. Mən şəxsən şahid olmuşam ki, Ermənistanın silahlı qüvvələri və güc strukturları həm Rusiya, həm də KTMT üzvlərindən böyük təşkilati və texniki dəstək alıb. Əgər Rusiyanın Ermənistanın silahlı qüvvələrinə və ümumilikdə ölkəyə yatırdığı investisiyaları hesablasaq, kifayət qədər ciddi rəqəm olduğunu görərik”.

Bordyuja əlavə edib ki, Rusiyanın Ermənistana göstərdiyi yardım təkcə silah və texniki təchizatla məhdudlaşmayıb, eyni zamanda hərbi təlim və strateji məsləhətləri də əhatə edib.

“Bəyanatları qərəz və məlumatsızlıqdan qaynaqlanır”

Bordyuja Ermənistanın bəzi rəsmilərinin Rusiyaya qarşı sərt ittihamlarını iki cür əsaslandırıb: “Ermənistanın ali siyasi rəhbərliyinin bəyanatları ya məqsədyönlü və qərəzlidir, ya da onlar mövcud reallığı anlamaqda çətinlik çəkirlər. Hər iki halda, bu, Ermənistan üçün böyük səhvdir. Əgər belə davam edərlərsə, Ermənistanın təhlükəsizliyinə və regiondakı mövqeyinə ciddi zərər dəyəcək”.

Nəticə nə ola bilər?

Ermənistanın KTMT-dən uzaqlaşması ölkənin təhlükəsizlik sistemində ciddi dəyişikliklərə gətirib çıxara bilər. Regionda geosiyasi balansın həssas olduğu bir vaxtda belə bir qərar həm Ermənistanın daxili təhlükəsizliyinə, həm də beynəlxalq müttəfiqləri ilə münasibətlərinə təhlükədir. KTMT-dən uzaqlaşmaq Ermənistanı əlavə risklərlə də üz-üzə qoya bilər. Hərbi və iqtisadi resursları məhdud olan Ermənistanın bu sahələrdə özünü təmin etməsi çətin olacaq. Bu prosesin nə qədər uğurlu olacağı və Ermənistanın milli maraqlarına xidmət edəcəyi də sual altındadır.

KTMT-dən çıxmaq Rusiya ilə münasibətlərdə gərginliyin daha da artmasına səbəb olacaq. Moskva bu qərarı strateji baxımdan yanlış hesab edir və Ermənistanın təhlükəsizlik maraqlarına uyğun olmadığı qənaətindədir. Ermənistan rəhbərliyinin bu məsələdə atacağı növbəti addımlar isə yalnız ölkənin daxili siyasətinə deyil, həm də regiondakı qüvvələr balansına təsir göstərəcək.

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti