TikToksik şəbəkə

// Platformanın karbon emissiyası Yunanıstanınkına bərabərdir

   TikToksik şəbəkə
  20 Dekabr 2024    Oxunub:482
“TikTok” atmosferə bir ildə təxminən Yunanıstan qədər karbon qazının atılmasına səbəb olur. Sosial şəbəkənin bir istifadəçisinin səbəb olduğu karbon emissiyası təxminən 198 kilometr maşın sürməyin yaratdığı zəhərli tullantıya bərabərdir.
Atmosferə atılan karbon qazının ölçülməsi üzrə ixtisaslaşan “Greenly” şirkəti müəyyən edib ki, “TikTok” 2023-cü ildə təkcə ABŞ, Britaniya və Fransada havaya 7,6 milyon ton karbon dioksid (CO2) ekvivalentinin atılmasına səbəb olub. Bu, nəinki “Twitter”/”X” və “Snapchat”dan, həmçinin, istifadəçilərinin sayı “TikTok”dan 2 dəfə çox olan “İnstagram”dan daha artıqdır. Qeyd edək ki, “TikTok”un dünyada 1 milyard istifadəçisi var.

Səbəb kimi “TikTok” aludəçiliyinin daha yüksək olması göstərilir. “Instagram”ın orta istifasdəçisi orada gündə 30.6 dəqiqə vaxt keçirirsə, “TikTok” üçün bu göstərici 45.5 dəqiqəyə bərabərdir. Orta istifadəçi “TikTok”da vaxt keçirməklə ildə 48.49 kq CO2-nin yaranmasına səbəb olur. Bu göstəriciyə görə ikinci yerdə “YouTube” gəlir: ildə 40.17 kq.

Əgər ABŞ, Britaniya və Fransadakı istifadəçilərin ümumi bazanın cəmi 15%-i olduğunu nəzərə alsaq, “TikTok”un dünya üzrə karbon emissiyası 50 milyon tona bərabər olacaq. Yunanıstan iqtisadiyyatı üçün bu rəqəm 2023-cü ildə 51.67 milyon ton olub.


Karbon emissiyasını təkcə “TikTok”dakı videoların yerləşdiyi məlumat mərkəzlərinin istehlak etdiyi enerji yaratmır. Platformada vaxt keçirən insanların işlətdiyi qurğuları tez-tez cərəyana qoşmaq lazım gəlir. Bu da öz növbəsində emissiyanı artırır.

Qeyd edək ki, “TikTok”un məxsus olduğu “ByteDance” şirkətinin məlumat mərkəzlərini bərpaolunan enerji mənbələrinə keçirməklə bağlı planı var. Plan 2030-cu ilə qədər bu mərkəzlərin işinin sıfır emissiya səviyyəsinə endirilməsini nəzərdə tutur. Norveçdə belə mərkəzlərin biri artıq qurulub.

Tariyel Həsənov
AzVision.az


Teqlər: TikTok  





Xəbər lenti