Avtomobiliniz qışa hazırdırmı?

   Avtomobiliniz qışa hazırdırmı?
  29 Dekabr 2024    Oxunub:675
Qış mövsümü avtomobil sahibləri üçün xüsusi diqqət və hazırlıq tələb edən bir dövrdür. Soyuq, qarlı hava şəraiti avtomobilin müxtəlif sistemlərinə təsir edərək onun işə düşməsini və düzgün fəaliyyətini çətinləşdirə bilər. Soyutma sistemi, yanacaq boruları, akkumulyator və hətta qapı kilidləri kimi müxtəlif hissələr soyuq havadan təsirlənərək avtomobilin istifadəsini çətinləşdirir. Bu problemlərin qarşısını almaq, qışda avtomobili təhlükəsiz və işlək vəziyyətdə saxlamaq üçün müəyyən tədbirlərin görülməsi vacibdir.
Nə etmək lazımdır?

Nəqliyyat eksperti Yasin Mustafayev mövzu ilə bağlı AzVision.az -a danışıb:

"Birincisi, qış fəslində, xüsusilə qarlı havalarda yollar sürüşkən olur, görmə məhdudiyyəti yaranır. Bu səbəbdən insanlar avtomobil idarə edəndə daha diqqətli olmalıdırlar. Sürət həddi düzgün seçilməlidir. Temperatur beş dərəcədən aşağı düşübsə, mütləq qış şinlərindən istifadə edilməlidir.

Bundan başqa, avtomobilin soyutma sistemlərində donmayan antifriz məhlul olmalıdır. Adətən, antifriz su ilə 50/50 nisbətində qarışdırılır, amma istehsalçının tövsiyələri də nəzərə alınmalıdır. Avtomobilin soyutma sisteminə adi su tökmək olmaz. Bu, həm donma ehtimalını artırır, həm də mühərrikə ziyandır. Həmçinin şüşəsilənlərin suyuna da antifriz əlavə edilməlidir ki, gələcəkdə şaxtalı havalarda problem yaranmasın. Eyni zamanda avtomobili qarajda saxlamaq və ya xüsusi örtüklərdən istifadə etmək donmanın qarşısını almaq üçün effektiv üsullardır. Ən əsası sürücülər magistral yollarda, yüksək dağlıq ərazilərdə ehtiyatlı olsunlar".

Qış mövsümündə avtomobilə qulluq qaydalarına biganəlik əlavə xərclərə, vaxt itkisinə səbəb ola bilər. Odur ki, indidən avtomobilinizin texniki vəziyyətini yoxlayın, hər şeyin qaydasında olduğundan əmin olun.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:





Xəbər lenti