WP: Distant iş Trampın və Maskın planlarına ciddi maneədir

      WP:    Distant iş Trampın və Maskın planlarına ciddi maneədir
  27 Dekabr 2024    Oxunub:376
Həmkarlar ittifaqları, müqavilə şərtləri və iş yerini yenidən təşkil etmək zərurəti respublikaçıların milyonlarla məmuru yenidən ofislərə qayıtmaq məcburiyyətinə əl atmaq istəyini əngəlləyəcək. Donald Tramp məhkəməyə gedəcəyinə söz verib, İlon Mask isə insanların işdən çıxarılması ilə bağlı heç bir problem görmür.
AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” qəzeti federal işçilərin distant işdən ofislərə qayıtması məsələsində ABŞ-nin gələcək prezidenti Donald Trampın və onun İlon Maskın rəhbərliyi altında yaratdığı Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) çətinliklərlə üzləşə biləcəyini iddia edib.

“İşçilərin ofislərə qaytarılması ideyası Trampın seçkiqabağı kampaniyası zamanı bəzi respublikaçı konqresmenlər tərəfindən dəstəklənib. Onların fikrincə, 2,3 milyon dövlət qulluqçusunun çoxunun evdən işləməsi müqabilində vergi ödəyiciləri tərəfindən maliyyələşdirilməsi sistemi köhnəlib və işin effektliyinə mənfi təsir göstərir”, - qəzet yazır.

Lakin təşəbbüsə müqavimət göstərən federal işçilərin bir çoxu üçün evdən qismən işləmək hüququ həmkarlar ittifaqları tərəfindən tətbiq olunan əmək müqavilələri ilə təmin edilir. Üstəlik, onların 10%-i tam şəkildə məsafədən işləyən əməkdaşlar hesab olunur.
Federal binaları idarə edən Ümumi Xidmətlər İdarəsi isə son illərdə büdcəyə baha başa gələn ofislərdən fəal şəkildə imtina edir.

Qeyd edək ki, ABŞ-nin federal hökumətində hazırda 4 milyondan çox adam çalışır. İdarəetmə və Büdcə İdarəsinin may ayı hesabatına görə, onların 2,2 milyonu mülki şəxslərdir. İşçilərin 54%-i vəzifələri tələb etdiyi üçün yalnız ofisdə işləyir, qalanları isə distant işləmək hüququna malikdir.

- İndi bir çox dövlət idarələri insanları həftədə beş gün işləmək üçün yerləşdirmək imkanına malik deyil. Ofislərə qayıdış yeni administrasiyanı çox pul xərcləməyə məcbur edəcək ki, bu da onun federal büdcəni azaltmaq məqsədinə mane olacaq”, - Amerika Hökumət İşçiləri Federasiyasının (AFGE) baş məsləhətçisinin müavini Keti MacKuiston nəşrə açıqlamasında deyib.

AFGE ABŞ-nin ən böyük işəgötürən qurumudur. Təşkilat Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimi ərəfəsində evdən iş müqavilələrini uzatmağa tələsir. Eyni zamanda, o, Vaşinqtondakı işçilərinə yanvar ayından etibarən hər iki həftədə beş gün əvəzinə yalnız iki gün distant rejimdə işləyə biləcəkləri barədə xəbərdarlıq edib.

Dekabr ayında AFGE və Sosial Təminat İdarəsi 42 min məmurun uzaqdan işləməsinə icazə verən razılaşmanı 2029-cu ilə qədər uzadıb ki, bu hərəkət də Trampın tənqidinə tuş gəlib. Bu addımı həmkarlar ittifaqına gülünc hədiyyə kimi qiymətləndirən ABŞ-nin gələcək prezidenti qərarın icrasını dayandırmaq böyük ehtimalla məhkəməyə müraciət edəcəklərini söyləyib.

“Federal işçilərin həftənin beş günü ofisdə olması tələbi könüllü şəkildə işdən çıxma dalğasına gətirib çıxaracaq ki, bunu da alqışlayırıq: əgər federal əməkdaşlar işə gəlmək istəmirlərsə, Amerikanın vergi ödəyiciləri Covid-19 imtiyazı çərçivəsində verilən evdə qalmaq imtiyazı üçün onlara pul ödəməməlidirlər”, - İlon Mask və onunla birgə DOGE-nin digər həmsədri olan Vivek Ramasvami “The Wall Street Journal (WSJ)” qəzeti üçün yazdıqları məqalədə vurğulayıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   ofislər   həmkarlar  





Xəbər lenti