Kadırovun bəyanatı Özbəkistanda hiddət doğurub
“Ramzan Kadırovun dövlətimizin işlərinə qarışmasını və Özbəkistanın dövlət qulluqçularına təzyiq göstərmək cəhdlərini qətiyyətlə pisləyirəm. Bu cür hərəkətlər yolverilməzdir, çünki ölkələrimizin xalqları arasında dostluq münasibətlərinə xələl gətirə və dövlətlərarası əməkdaşlığa ziyan vura bilər”, - Tojiyev dyib.
Rəsmi Moskvanı Kadırovun əməllərinə hüquqi qiymət verməsinin vacibliyini vurğulayan özbəkistanlı deputat, Rusiya Baş Prokurorluğunu Çeçenistan rəhbərinin bəyanatlarını hərtərəfli araşdırmağa və onlara hüquqi qiymət verməyə çağırıb. Bundan əlavə, Ramzan Kadırovun verdiyi açıqlamalara görə üzr istəməsi zərurətinə diqqət çəkən Olimjon Tojiyev, onu Özbəkistan rəsmilərinə sui-qəsd cəhdi ilə bağlı şübhəlilərin axtarışına kömək etməyə səsləyib.
- Ramzan Kadırov beynəlxalq təcrübədə qəbuledilməz olan və mehriban qonşuluq münasibətlərinə xələl gətirən bəyanatlarına görə Özbəkistan xalqından açıq şəkildə üzr istəməyə borcludur. Əgər o, həqiqətən də özünü xalqımızın dostu hesab edirsə, Beslan Rasayev və Şamil Temirxanovun tapılmasında, həmçinin Özbəkistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsində Özbəkistan Baş Prokurorluğuna köməklik göstərməlidir”, - özbəkistanlı deputat vurğulayıb.
Bir gün əvvəl isə, Özbəkistanın Ekologiya nazirinin müşaviri Rəsul Kuşerbayev Qroznıya uçuşları dayandırmağa və Özbəkistana daxil olan hər bir çeçeni ciddi şəkildə yoxlamağa çağırıb. Kuşerbayev bu minvalla Özbəkistan rəsmilərinə qarşı təhdidlərə münasibət bildirib.
Özbəkistanın hökumət rəsmilərinin bu reaksiyasına Ramzan Kadırovun iki Özbəkistan məmuruna qarşı hədə-qorxusu səbəb olub.
“Komil Allamjonova və Dmitri Liyə qurban rolunu oynamamağı tövsiyə edirəm. Nə planlaşdırırsınızsa, vaxtında dayandırmaq daha yaxşıdır, əks halda bütün intriqalara, böhtanlara və spekulyasiyalara görə cavab verməli olacaqsınız. İndi isə adətlərimizə uyğun cavabdan danışıram”, – Çeçenistan rəhbəri öz Telegram-kanalında yazıb.
Bundan əvvəl Özbəkistan KİV-ləri Çeçnistandan olan Rusiya vətəndaşları Bislan Rasayev və Şamil Temirxanovun Özbəkistan tərəfindən İnterpol xətti ilə axtarışa verildiyi barədə məlumat yayıb. Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
Dekabrın 26-da Ramzan Kadırov Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı “çeçen izi” ittihamlarını rədd edən bəyanat verib. Lakin dünən Özbəkistanın Baş Prokurorluğu Bislan Rasayev və Şamil Temirxanovun beynəlxalq axtarışa verildiyini təsdiqləyib.
Xatırladaq ki, oktyabrın 26-da Daşkənd vilayətində Özbəkistan Prezidenti Administrasiyasının informasiya siyasəti şöbəsinin keçmiş rəhbəri Komil Allamjonovun olduğu “Range Rover” markalı avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Kadırov Özbəkistan narazılıq