Minimum maaş 400 manatdan az ola bilməz

   Minimum maaş 400 manatdan az ola bilməz
  28 Dekabr 2024    Oxunub:376
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilən əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi ilə bağlı “Əmək və Məşğulluq” altsistemi üzərindən işəgötürənlərə müraciət edib.
Bu barədə AzVision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Müraciətdə bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı da 2025-ci il yanvarın 1-dən həmin məbləğdən az ola bilməz.

Ona görə də Dövlət Əmək Müfəttişliyi Xidməti minimum aylıq əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməklə “Əmək və Məşğulluq” altsisteminə daxil edilməli olduğunu işəgötürənlərin diqqətinə çatdırır.

Nazirliyin “Əmək və Məşğulluq” altsistemi vasitəsilə bu sahədə vəziyyətə mütəmadi nəzarət olunur. Əmək müqavilələrinə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə öz əksini tapır. Bu altsistem əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur.

AzVision.az



Teqlər:





Xəbər lenti