Ermənistanın Baş Qərargah rəisinin keçmiş müavini həbs edilib

Ermənistanın Baş Qərargah rəisinin keçmiş müavini həbs edilib
  05 Yanvar 2025    Oxunub:758
Yerevan Kütləvi Məhkəməsi Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryanı "müharibə zamanı məmur səhlənkarlığına görə" həbs edib. General-leytenantın müdafiəçiləri ona qarşı cinayət işini “fəal vətəndaş mövqeyinə görə cəza” hesab edirlər.
Masis Melkonyanın sədrliyi ilə keçirilən məhkəmənin qərarını mətbuata Xaçatryanın vəkilləri Varazdat Arutyunyan və Armen Andrikyan açıqlayıb.

Müdafiəçilərin sözlərinə görə, Xaçatryanın təqsirləndirildiyi iş 3 ilə yaxındır ki, araşdırılır (Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü bəndi, vəzifəli şəxslərin səhlənkarlığı). Bu üç il ərzində general-leytenant dindirmələrdə şahid qismində iştirak edib. Vəkillər prosesin mahiyyətini açıqlamasalar da, bunun “44 günlük müharibə” epizodları ilə bağlı olduğunu qeyd edirlər. İş beş cilddən və 1,5 min səhifədən ibarətdir. O, yanvarın 4-də saat 16:00-da - həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı iclasın başlanması ilə eyni vaxtda vəkillərin əlinə keçib.

Yerli İstintaq Komitəsinin işlə bağlı yaydığı xüsusi izahatda isə bildirilir ki, 2020-ci il oktyabrın 7-dən oktyabrın 17-dək Tiran Xaçatryan öz xidməti vəzifələrinin icrasına səhlənkar münasibət göstərib.

"Tiran Xaçatryan döyüş əməliyyatları zamanı xüsusi nəzarət mərkəzləri yaratmayıb və lazımi tədbirlər görməyib. Bu səhlənkarlıq qoşunların idarə edilməsi sistemini sarsıdıb, döyüş tapşırıqlarının icrasına mane olub, nəticədə Azərbaycan ordusu yaranmış vəziyyətdən istifadə edərək maneəsiz şəkildə mövqeləri ələ keçirib və əraziləri nəzarətə götürüb” - deyə, izahatda qeyd olunub.

Məhəmmədəli Həsənli
AzVision.az




Teqlər:





Xəbər lenti