Trampa cavab gəldi: "Qrenlandiya Danimarkanındır!"

   Trampa cavab gəldi: "Qrenlandiya Danimarkanındır!"
  08 Yanvar 2025    Oxunub:584
Danimarkanın baş naziri Mette Frederiksen yerli “TV 2” telekanalına müsahibəsində ABŞ-la əməkdaşlığın vacibliyini vurğulayaraq, Vaşinqtonun krallığın əsas müttəfiqi olaraq qaldığını qeyd edib.
AzVision.az
xəbər verir ki, xanım Frederiksen ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Danimarkanın muxtar ərazisi Qrenlandiyanın Birləşmiş Ştatlara qoşulmasına mane olacağı halda, ona qarşı tariflərin tətbiqi ilə bağlı bəyanatlarını belə qiymətləndirib.

“Vaşinqtonun adaya nəzarət etmək üçün güc tətbiq edə biləcəyini ehtimal etmirəm. Mən gələcək Amerika administrasiyası ilə mümkün fikir ayrılıqları kontekstində ABŞ-la ticarət müharibəsindən qaçmağa ümid edirəm. ABŞ-nin Qrenlandiya ilə münasibətləri inkişaf etdirmək marağı yerli sakinlərin maraqları ilə əlaqələndirilməlidir”, - Danimarkanın baş naziri vurğulayıb.

Qrenlandiya da Trampın hədəfləri siyahısına düşüb
Qeyd edək ki, Qrenlandiyanın Danimarkadan alınması ideyasını Donald Tramp ilk prezidentliyi dövründə dilə gətirib və bu Kopenhagendən mənfi reaksiyalara səbəb olub. Bir müddət əvvəl isə, o, sosial şəbəkələrdə Qrenlandiyaya nəzarəti “ABŞ-nin milli təhlükəsizliyi və bütün dünyada azadlıq naminə mütləq zərurət” hesab etdiyini yazıb. Tramp, həmçinin Qrenlandiya Birləşmiş Ştatların tərkibinə daxil olarsa, onu “yenidən möhtəşəm” edəcəyinə söz verib.

Bununla belə, o Danimarkaya məxsus muxtariyyət üzərində nəzarətin yaradılması üçün hərbi ssenarini istisna etdiyi barədə heç nə deməyib. Bu baxımdan, bəzi ekspertlər sözügedən məsələdə Donald Trampın hərb yoluna əl atacağını istisna etmirlər.

Maraqlıdır ki, Qrenlandiya ilə bağlı Trampın iddialarına rəsmi Paris də biganə qalmayıb.

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın Birləşmiş Ştatlara qoşulma ehtimalı ilə bağlı açıqlamaları zamanın ruhunu əks etdirir, lakin Avropa İttifaqı (Aİ) digər dövlətlərin onun sərhədlərinə müdaxilə etməsinə icazə verməyəcək”, - Fransanın Xarici İşlər naziri Jan-Noel Barro “France Inter” radiosunun efirində deyib.

Qrenlandiyanın zorla ABŞ-yə birləşdiriləcəyi ehtimalına inanmadığını bildirən Barro, bu adanın əslində Aİ ərazisi olduğunu iddia edib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Tramp   Qrenlandiya   cavab  





Xəbər lenti