Nəqliyyat sahəsində 2025-ci ildə reallaşdırılacaq layihələrə həsr olunan mətbuat konfransı keçirilib
Görülmüş işlərin nəticəsində 2024-cü ildə bir sıra sahələrdə rekord göstəricilər və nailiyyətlər əldə edilmişdir. Ümuilikdə ölkə ərazisi ilə tranzit yükdaşımaların həcmi 10,5% artaraq 14,8 mln tona çatıb, o cümlədən dəmir yolu ilə tranzitdə 7,3 mln tonn artım qeydə alınıb. Heydər Əliyev Aeroportu üzrə artım 31%, olmuşdur. Ötən il metropoliten üzrə sərnişin daşıma 5% artaraq 230 mln nəfərə, dəmir yolu ilə sərnişindaşıma isə 8,5 mln nəfərə çatıb. Bakubus üzrə artım 20% və ya 148 mln nəfər olmuşdur.
2024 cü ilin 11 ayında nəqliyyat sektorunda məhsul buraxılışı 13.7% artaraq 13.0 miyard manata çatmışdır.
2024-cü il sərnişin nəqliyyatı sektorunda da uğurları ilə yadda qalıb. Nazir müavini qeyd etdi ki, Bakıda mobilliyin transformasiyası çərçivəsində görülən işlərin məqsədi vətəndaşların rahatlığı və təhlükəsizliyini təmin etməkdir. Bu proses səmərəli ictimai nəqliyyat sisteminin formalaşması, infrastrukturun yaradılması və yenilənməsini nəzərdə tutur. İslahatlar kompleks şəkildə aparılır.
Mühüm dəyişikliklərdən biri paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılmasıdır. Aparılan monitorinqlərin nəticəsinə əsasən, avtobusların marşrut üzrə gediş vaxtı bəzi küçələrdə 18-22 dəqiqəyə qədər azalıb, əksər hallarda interval qısalıb, sərnişinlərin sayı isə əhəmiyyətli dərəcədə artıb. Hazırda ümumi uzunluğu 100 km-dən çox olan xüsusi zolaqlar paytaxtın 30-dan çox küçə və prospektini əhatə edir. Bu zolaqlarla hərəkət edən avtobuslarla gün ərzində 900 minə yaxın sərnişin daşınır. Xüsusi zolaqların təşkli prosesi davam edir.
Yeni marşrutların yaradılmasından danışan nazir müavini vurğuladı ki, bu proses optimallaşdırma məqsədilə aparılan təhlillər əsasında davam edir. Vurğulandı ki, ötən ilin sonlarında metronun “20 Yanvar” stansiyası ilə Sumqayıt avtovağzalını birləşdirən yeni 594 nömrəli marşrut xətti fəaliyyətə başlayıb və təyinat məntəqəsinə orta hesabla 30 dəqiqəyə çatmaq olur. Metronun “Avtovağzal” stansiyasından Sumqayıta gedən 595 nömrəli avtobuslarla birlikdə gün ərzində 10 mindən çox sərnişin daşınır.
Rəhman Hümmətov əlavə etdi ki, Saray qəsəbəsi sakinlərinin çoxsaylı müraciəti və istəkləri nəzərə alınaraq metronun “20 Yanvar” stansiyasına yeni 508 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilib.
Paytaxtda yeni müntəzəm marşrut şəbəkəsinin tətbiqi çərçivəsində isə 20, 120, 120E, 121E, 140 və 140E nömrəli avtobuslar xəttə buraxılıb. Bildirildi ki, marşrut şəbəkəsinin genişləndirilməsi və daha çox əhalinin əlçatanlığının təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edildi ki, ötən ildə avtobuslardan istifadə edənlərin sayının artması nəticəsində 2023-cü illə müqayisədə 28 milyon daha çox sərnişin daşınıb.
Mətbuat konfransında nəqliyyat mübadilə mərkəzlərinin (HUB) yaradılmasından da danışıldı. Bildirildi ki, ötən il Bakıda 3 yeni HUB-ın istifadəyə verilməsi müxtəlif nəqliyyat növləri arasında keçid imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Söhbət metronun “Gənclik” və “28 May” stansiyalarının qarşısı, eləcə də “Koroğlu” stansiyasının cənub çıxışındakı qovşaqlardan gedir.
Vurğulandı ki, “28 May” və “Koroğlu” HUB-larını digərləindən fərqləndirən əsas xüsusiyyət onların multimodal olması, yəni dəmiryolu, metro və avtobus dayanacaqlarını birləşdirməsidir. Eyni zamanda, metronun “Koroğlu” stansiyasının şimal çıxışında və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən nəqliyyat mübadilə mərkəzləri də səmərəli fəaliyyət göstərir.
Qeyd edildi ki, son vaxtlar şəhər mobilliyinin inkişafında Bakı metropolitenin rolu xeyli artıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Bakı şəhərinin nəqliyyat infrastrukturu, xüsusilə Bakı metropoliteninin inkişafı ilə bağlı vacib məsələlərə toxunaraq müvafiq tapşırıqlar verdiyi vurğulandı. Bildirildi ki, ölkə başçısının tapşırıqlarına əsasən, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və şəhər mobilliyinin inkişafında mühüm rol oynayan Bakı metropoliteninin genişləndirilməsi və mövcud infrastrukturun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Yeni nəqliyyat proqramı çərçivəsində paytaxtın ekoloji cəhətdən təmiz, sürətli və birləşdirici ictimai nəqliyyat sistemi olaraq metropolitenin daha geniş əhatə dairəsinə malik olması hədəflənib. Bu çərçivədə yerli və xarici mütəxəssislərin iştirakı ilə paytaxtın nəqliyyat proqramı hazırlanır. Proqramda şəhərin cari və gələcək inkişaf tələbləri nəzərə alınaraq metropolitenin digər nəqliyyat vasitələri ilə inteqrasiyasına xüsusi diqqət ayrılır. Xüsusilə Yaşıl və Bənövşəyi xətlərin inkişaf etdirilməsi ilə nəqliyyat sistemində balanslı və effektiv hərəkətin təmin edilməsi əsas məqsədlərdən biridir.
Məlumat verildi ki, cənab Prezidentin verdiyi tapşırıqlara uyğun olaraq yaxın illərdə Bakı metropoliteninin inkişafı çərçivəsində 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu stansiyalar arasında Yaşıl xəttin “Xətai-Həzi Aslanov-2” seqmentində 4 yeni stansiya və “Dərnəgül” elektrik deposunun inşası xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metropolitenin mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır.
Qeyd edildi ki, son illərdə Bakı metropoliteninin müasirləşdirilməsi sahəsində də irəliləyişlər əldə olunub. 7 metro stansiyası və 1 depo inşa olunmuşdur.
Yeni Bənövşəyi xətt istifadəyə verilmişdir.
COP29 tədbiri çərçivəsində 35 yeni vaqon alınaraq komplektləşdirilib və nəticədə yeni nəsil vaqonların sayı 150-yə çatdırılıb. Bu yeniliklər sərnişinlər üçün daha rahat və təhlükəsiz səfərlər təmin edəcək.
Dövlət dəstəyi ilə həyata keçirilən bu layihələrdə dünya təcrübəsindən öyrənilən modellər də tətbiq olunur. Avropa İnvestisiya Bankı ilə imzalanmış memorandum isə metropolitenin genişləndirilməsi və 10 yeni stansiyanın tikintisi üzrə davamlı investisiya təminatı üçün mühüm addımlardan biridir. Bakı metropoliteninin müasirləşdirilməsi təkcə şəhərin nəqliyyat sisteminin deyil, həm də onun dayanıqlı və yaşıl inkişaf siyasətinin əsas sütunlarından biridir. Bildirildi ki, yaxın illərdə bu sahədə dinamik irəliləyişlərin müşahidə olunacağı gözlənilir. Bütün yeniliklər barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Mətbuat konfransında son dövrdə, xüsusilə də son iki ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişindaşıma sahəsində bir çox nailiyyətlər əldə etdiyi vurğulandı. 2023-cü ildə Bakı-Gəncə-Bakı marşrutunun Ağstafaya qədər genişləndirilməsi, Azərbaycan dəmir yolları tarixində ilk dəfə olaraq Bakıdan Qəbələyə marşrut xəttinin açılması, Dəllər və Qovlara dayanacağın verilməsi, İsveçrənin "Stadler Rail Group" şirkəti ilə imzalanmış müqavilə çərçivəsində yeni qatarların alınması, 2024-cü ilin iyununda bu qatarların istifadəyə verilməsi nəticəsində Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslərin 2-dən 4-ə çatdırılması, Ləki və Ucar stansiyalarına dayanacaq verilməsi, 2025-ci ildə isə Bakı-Balakən-Bakı marşrutunun bərpa olunması ADY-nin sərnişindaşımanın daha da genişləndirilməsi istiqamətində uğurlu fəaliyyətinin nəticəsidir.
Xüsusi olaraq qeyd edildi ki, müştəri məmnuniyyətinin təmin edilməsi üçün əsas rəqəmsal yeniliklərdən biri rayonlararası marşrutlar üzrə sərnişin qatarlarına minik zamanı "Mygov.az" portalı vasitəsilə QR kod şəklində elektron şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə imkan yaradılması olub.
2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqindən istifadə edənlərin sayı artaraq yüklənmə sayı 172 mini ötüb. 2024-cü ilin sentyabrdan tətbiqinə başlanılan loyallıq proqramı şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” vasitəsilə gedişlər üzrə 3% “cashback”, eləcə də bonus qazandırır.
Bildirildi ki, Sərnişin rahatlığının tam təmin edilməsi məqsədilə ötən ilin sentyabrında Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında, həmçinin rayonlararası marşrutlar üzrə hərəkət edən qatarlarda pulsuz “W-Fi” xidməti aktiv edilib.
Ümumilikdə isə 2024-cü ildə ADY tərəfindən təxminən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Bununla da ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekord səviyyəyə çatdırıb. Belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişinə xidmət göstərməklə qurum rekorda imza atmışdı.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini avtobus parkının yenilənməsindən də danışdı. Qeyd etdi ki, COP29 ərəfəsində ölkəmizə gətirilən 160 elektrik avtobusu artıq paytaxtda müxtəlif marşrutlarda uğurla istifadə edilir, özəl şirkətlər də bu yaxınlarda daha 85 ekoloji təmiz texnologiyalı avtobus alıb. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək istifadəyə verilib. İndi onların parkı rekord həddə - 2170-ə çatıb.
Tədbirdə Bakıda velosiped yolları şəbəkəsinin genişləndirilməsi və onların əlaqələndirilməsindən də bəhs edildi. 2024-cü ildə bu yolların uzunluğu 35 kilometr təşkil edib. Növbəti mərhələlərdə bu zolaqların uzunluğunun təxminən 100 km-ə çatdırılması nəzərdə tutulur. Paytaxtda 70-yə yaxın ərazidə velosipedlər üçün xüsusi dayanacaqlar yaradılıb, həmçinin, onların mobil tətbiq vasitəsilə rahat ödəniş mexanizminə malik icarə xidməti istifadəyə verilib ki, bu da əlçatanlığı artırıb.
Qeyd olundu ki, elektrik skuterlər üçün parklanma yerlərinin yaradılması prosesinə də başlanılıb. Velosiped və skuterlərin getdikcə artan populyarlığı mikromobillik vasitələrinin qısa məsafələrə səfərlər üçün alternativ nəqliyyat növünə çevrilməsi meyllərinin göstəricisidir. Sentyabr-dekabr ayları üzrə mikromobillik operatorları tərəfindən 850 min 944 sifariş qəbul olunub və 2 milyon 244 min 302 km məsafə qət edilib.
Nəqliyyat sektorunda aparılan köklü islahatlardan danışılarkən, taksi xidmətinə də toxunuldu. Bildirildi ki, 2024-cü ilin dekabr ayında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə taksi sifarişlərinin sayında təxminən 31-32% azalma müşahidə edilir. Vurğulandı ki, qətiyyətli islahatlar sayəsində bu sahədə qayda-qanun yaradılıb. Təxminən 35 minə yaxın taksi sürücüsü təlimə cəlb edilib. Səmərəli tənzimləmə tədbirləri sayəsində xidmətlərin keyfiyyəti xeyli yaxşılaşıb, taksi parkı, xüsusən də hibrid və elektrik avtomobilləri hesabına köklü şəkildə yenilənib. Bu, ekoloji vəziyyətin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Şəhərin müəyyən yerlərində taksi dayanacaqlarının yaradılması istiqamətində də iş aparılır.
Parkalanma yerlərinin təşkilində də mühüm dəyişikliklər baş verir. Bildirildi ki, şəhərin müxtəlif yerlərində xaotik şəkildə təşkil edilmiş qeyri-qanuni dayanacaqlar keçmişdə qalıb. Zonalar üzrə yeni parklanma məntəqələrin, o cümlədən ödənişsiz yerlərin yaradılması prosesi bu il də davam etdiriləcək.
Tədbidə piyada zonalarının yaradılması və genişləndirilməsi məsələsindən də danışıldı. Bu xüsusda, ötən il əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xaqani bağının ətrafında avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması və piyada zonasının yaradılmasını layihəsi qeyd edildi.
Vurğulandı ki, tarixi abidələrlə zəngin Əziz Əliyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasını Dənizkənarı Milli Parkadək genişləndirilməsinə imkan yaradıb. Metronun “28 May” stansiyasının qarşısındakı meydanın abadlaşdırılması isə buranı geniş piyada zonasına çevirib. Şəhər mühitinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verən bu dəyişikliklər 2025-ci ildə də davam etdiriləcək.
Yol hərəkətinin yenidən təşkili barədə məlumat verilərkən bildirildi ki, ötən il Zərifə Əliyeva, Xaqani, 28 May, Mikayıl Müşfiq küçələri, eləcə də Mətbuat, Xocalı və Azadlıq prospektlərində ümumilikdə 6 layihə üzrə işlər tamamlanıb.
Rəhman Hümmətov son zamanlar yol infrastrukturunun qorunması istiqamətində də xeyli işlərin görüldüyünü dedi. Bildirdi ki, burada ən innovativ yanaşma tətbiq olunaraq elektron tərəzilər quraşdırılır. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda innovativ mexanizm olan 6 elektron tərəzi quraşdırılıb, digər məntəqələrdə bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə bu proses 31 yerdə 51 tərəzinin quraşdırılmasını əhatə edir. AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzi vasitəsilə isə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarət olunur.
Mobilliyin transformasiyası proqramı çərçivəsində növbəti mərhələdə marşrutların optimallaşdırılması, avtobusların sayının artırılması və parkların ekoloji cəhətdən təmiz avtobuslar hesabına yenilənməsi, taksi sahəsində islahatların yekunlaşdırılması, mikromobilliyin təşviqi, yol hərəkətinin təşkili və piyada infrastrukturunun təkmilləşdirilməsi həyata keçiriləcək.
Perspektivdə olan məsələlər arasında nəqliyyat bağlantılarını yaxşılaşdırmaq məqsədilə avtomobil yollarının və yol qovşaqlarının tikintisi layihələrininin başa çatdırılması, metro şəbəkəsininin genişləndirilməsi və şəhərətrafı elektrik qatarlarının xidmət göstərdiyi istiqamətlərin sayınının artırılması var.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırıldı.
AzVision.az
Teqlər: