Bakı aeroportu ötən il 7,5 milyondan çox sərnişinə xidmət edib
Ötən il 59 238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.
Beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495 milyon, milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" (AZAL) isə 3,314 milyon sərnişin daşıyıb. Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzit sərnişinlərin sayı 130 % artaraq 373 383 nəfərə çatıb.
Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24 % çox, yəni 3 419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdə sərnişin dövriyyəsi cəmi 4 % artaraq 728 min nəfər təşkil edib.
Bildirilib ki, 2024-cü il Heydər Əliyev Beynəlxalq Aeroportu üçün beynəlxalq arenada da əlamətdar olub: Skytrax World Airport Awards tərəfindən "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı" adına layiq görülüb. Üçüncü dəfə ardıcıl olaraq "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı Heyəti" nominasiyasında qalib gəlib.
Aeroport Beynəlxalq Hava Limanları Şurasına (ACI EUROPE) üzv olaraq qabaqcıl standartlara və innovativ texnologiyalara çıxış əldə edib.
AzVision.az
Teqlər: