"ABŞ tarixində nadir andiçmə mərasimlərindən birini izlədik" - Politoloq

   "ABŞ tarixində nadir andiçmə mərasimlərindən birini izlədik" -    Politoloq
  21 Yanvar 2025    Oxunub:281
"Bəlkə də ABŞ tarixində nadir andiçmə mərasimlərindən birini izlədik. Donald Tramp Amerikanın siyasi ənənələrini dağıtmaqda davam edir".
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu "facebook" səhifəsində Amerikanın yeni lideri Donald Trampın andiçmə mərasimini şərh edərkən deyib.

Onun sözlərinə görə, Tramp andiçmə mərasimində arxasında oturan artıq keçmiş prezident Co Baydenin adını çəkmədən onun qərarlarını yıxıb-sürüdü:

Donald Tramp hansı sərəncamları imzalayıb?
"Çoxlarını düşündürən sual budur: Tramp verdiyi çoxsaylı vədlərin nə qədərini yerinə yetirə biləcək? Misal üçün Ağ Evin yeni sahibi Panama dövlətini ərazisindəki kanalı ABŞ-yə təslim verməsini necə təmin edəcək? Panamaya təzyiq edəcək, yoxsa bu alınmadıqda ordunu ora göndərəcək? Və ya andiçmə mərasimində Meksika körfəzini Amerika körfəzi adlandıracağını xatırlatdı. Bunun Amerika üçün əhəmiyyəti nə qədərdir? Tramp andiçmə mərasimində xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi barədə danışmasa da, dünyadakı müharibələri bitirəcəyini vəd etdi.

Trampı Ukraynanın və Avropanın taleyi maraqlandırmır. O, müşavirlərinə və dövlət katibinə Rusiya-Ukrayna müharibəsində ilkin mərhələdə atəşkəsə nail olmağı tapşıracaq və bunu xarisi siyasətdə qələbəsi kimi təqdim edəcək. Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasimindən əvvəl Trampı Prezident seçilməsi münasibətilə təbrik edib. Bu o deməkdir ki, Putin Trampla görüşməyə hazırdır. Putin sanksiyalardan qurtulmaq və Trampla Avropa dövlətləri arasında ixtilafı dərinləşdirmək üçün Ağ Evin yeni sahibinin atəşkəs tələbini qəbul edə bilər".

Xatırladaq ki, Donald Tramp yanvarın 20-də ABŞ-nin 47-ci prezidenti kimi rəsmən fəaliyyətə başlayıb. Andiçmə mərasimi Vaşinqtondakı Kapitol binasında keçirilib. Tədbirdə keçmiş prezidentlər, o cümlədən Co Bayden və dünya liderləri iştirak ediblər.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   DonaldTramp  





Xəbər lenti