Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib

   Zelenski Qərbi    yalan və ədalətsizlikdə    ittiham edib
  22 Yanvar 2025    Oxunub:319
Ukrayna prezidenti Vladimir Zelenski Qərbin ünvanına diqqət çəkən fikirlər səsləndirib.
Xarici KİV-in yaydığı məlumata görə, siyasətçi Qərb ölkələrini yalan danışmaqda və NATO-ya üzvlüklə bağlı Ukraynaya qarşı ədalətsiz davranmaqda ittiham edib. O, yalnız Almaniya və ABŞ-nin Kiyevin Şimali Atlantika Alyansına qoşulmaq istiqamətində taleyini həll etməsindən narazılığını bildirib.

Zelenski Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını açıqlayıb
“Düzünü desəm, bəzi güclər əvvəlcə çox şəffaf siyasət sərgiləmirdi və onlar bizi NATO-da dəstəkləmədilər. Bütün vədlər sadəcə yalan sözlər idi. Deyirdilər ki, bəli, Ukrayna NATO-da olacaq. Amma onilliklər keçib və Ukrayna NATO-nun tərkibində yoxdur”, - Zelenski gileylənib.

O, bunun ölkəsinə və vətəndaşlarına qarşı haqsızlıq olduğunu vurğulayıb. Eyni zamanda, Zelenski Ukraynanın əvvəlki rəhbərlərinin də vicdansızlıqda ittiham edib. Çünki həmin şəxslər hərbi bloka üzvlüyə dair zəmanət aldıqlarını deyirdilər.

Zelenski yanvarın 16-da da oşxar açıqlamalar vermişdi. Zelenski ölkəsinin NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını açıqlayarkən deyib ki, ABŞ, Macarıstan, Slovakiya və Almaniya Ukraynanın NATO-ya daxil olmasını istəmirlər.

Qeyd edək ki, Ukraynada müharibənin başlamasında əsas səbəblərdən biri Kiyevin Qərbə üz tutması, NATO ilə sıx əməkdaşlığa başlaması oldu. Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   NATO   Zelenski  





Xəbər lenti