Heydər Əliyev Fondunun vitse-prezidenti Xəzər dənizində müşahidə olunan problemlərin bir sıra canlıların, o cümlədən Xəzər suitisi, nərə və qızılbalıq kimi qiymətli balıq növlərinin populyasiyasına mənfi təsir etdiyini bildirib. Xüsusilə Xəzər suitilərinin sayının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib və bu növün qorunmasının vacibliyini vurğulayıb.
Həmçinin Xəzər dənizində müşahidə olunan kompleks problemlərin elmi şəkildə öyrənilməsi, monitorinqi və onların mümkün həlli yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə IDEA tərəfindən COP29-da təqdim olunan Xəzər Dənizi Tədqiqat Mərkəzinin yaradıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mərkəzin regional əməkdaşlığı gücləndirməyə və Xəzər dənizinin gələcək davamlılığını təmin etməyə töhfə verəcəyi qeyd olunub.
Çıxışının yekununda Leyla Əliyeva Xəzər dənizinin nadir ekoloji sisteminin qorunması naminə davamlı monitorinq və təhlillərin aparılmasının, elmi tədqiqatların dəstəklənməsinin vacibliyini vurğulayaraq, beynəlxalq ekspertləri, tədqiqat mərkəzlərinin nümayəndələrini və digər maraqlı tərəfləri bu istiqamətdə birgə layihə və təşəbbüslərlə çıxış etməyə, əməkdaşlıq qurmağa çağırıb.
Qeyd edək ki, dövrün ən aktual problemlərinə innovativ həll yollarını araşdırmaq üçün uzaqgörən liderləri, innovatorları və maraqlı tərəfləri bir araya gətirən tədbirdə müxtəlif ölkələrdən müvafiq sahədə fəaliyyət göstərən təşkilatların yüksəksəviyyəli nümayəndələri çıxış ediblər.
AzVision.az