Aİ Rusiya bazalarının Suriyadan çıxarılmasını istəyir

   Aİ Rusiya bazalarının Suriyadan çıxarılmasını istəyir
  24 Yanvar 2025    Oxunub:410
Avropa İttifaqı (Aİ) öz sanksiyalarını ləğv etmək üçün Dəməşqdən Rusiya hərbi bazaları da daxil olmaqla xarici dövlətlərin Suriyada mövcudluğundan qurtulmaq şərtini irəli sürüb.
AzVision.az xəbər verir ki, Aİ-nin yüksək vəzifəli nümayəndəsi birlik ölkələrinin Xarici İşlər nazirlərinin yanvarın 27-də keçiirləcək görüşü ərəfəsində Brüsseldə jurnalistlərə açıqlamasında belə deyib.

“Bəli, əlbəttə ki, bu bizim izlədiyimiz bir məsələdir. Biz artıq Suriyadakı yeni hakimiyyət orqanlarına çatdırmışıq ki, ölkədə normallaşmanın bir hissəsi hər hansı xarici mövcudluqdan - hərbi iştirakdan və ya müdaxilədən qurtulmağı əhatə etməlidir. Orada üç ölkə var, onlardan biri Rusiyadır. Bəli, biz davamlı şəkildə onlardan bunu xahiş edirik. Gələcəkdə buna baxacaqlarını dedilər”, - avropalı məmur Suriyaya qarşı sanksiyaların ləğvi üçün Aİ-nin Rusiya hərbi bazalarının çıxarılmasını şərt kimi qoyub-qoymadığı barədə jurnalistlərin suallarına cavab olaraq bildirib.

Almaniya və Fransanın XİN rəhbərləri Dəməşqə gediblər
Əslində, kollektiv Qərbin xeyir-duası və dəstəyi ilə Suriyada hakimiyyətə gətirilən qüvvələrin qarşısında gec-tez Rusiyanın bu ölkədəki hərbi bazalarının çıxarılacağı tələbinin qoyulacağı şübhə doğurmurdu. Almaniyanın Xarici İşlər naziri Annalena Berbokun fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Aİ adından yanvarın ilk günlərində Suriyaya səfəri zamanı bir sıra məsələlərlə bağlı Rusiyanın hərbi bazalarının da bu ölkədə taleyinin müzakirə olunduğu istisna deyil.

Xatırladaq ki, hazırda Suriyada Rusiyanın iki hərbi obyekti var - Tartus liman şəhərində hərbi-dəniz bazası və Xmeymimdəki aviabaza. Tartusdakı hərbi-dəniz bazasının ləğvi Rusiyanın Aralıq dəniizndə mövcudluğuna son qoyulamsı deməkdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Suriya   Rusiya   bazalar  





Xəbər lenti