Naxçıvanda ipoteka kreditlərinin dinamikası artıb

   Naxçıvanda ipoteka kreditlərinin dinamikası artıb
  28 Yanvar 2025    Oxunub:690
“Naxçıvan İpoteka Fondu” ASC-dən verilən məlumata görə, 2024-cü ildə muxtar respublikada 71 nəfərə ipoteka krediti verilib. Nəzərinizə çatdıraq ki, 2023-cü ildə bu rəqəm 46, 2022-ci ildə isə 36 nəfər olub.
AzVision.az xəbər verir ki, maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminə gəlincə son 5 ildə ən çox kredit 2024-cü ildə verilib. Belə ki, 12 ay ərzində sakinlər 5 milyon 267 min 792 manat ipoteka kreditindən yararlanıblar. Ümumiyyətlə, geridə qoyulan illərə nəzər yetirdikdə bu, ən yüksək göstəricidir. 2023-cü illə müqayisədə bu rəqəm 2 dəfə çoxdur. Həmin il 46 nəfərə ipoteka fondu tərəfindən, sadəcə, 2 milyon 575 min 32 manat verilmişdir.

Eyni zamanada maliyyələşdirilmiş güzəştli və adi ipoteka kreditlərinin illər üzrə həcmində də xeyli artım müşahidə olunur. 2024-cü ildə verilən ipoteka kreditlərinin 3 milyon 402 min 713 manat güzəştli, 1 milyon 865 min 79 manatı isə adi kredit kimi verilib. Ötən il verilən kreditlərdən 70-i Naxçıvan şəhərinin, 1-i isə Şahbuz rayonunun payına düşür. 2023-cü ildə isə verilən ipoteka kreditinin 46-sı təkcə Naxçıvan şəhərini əhatə etmişdir. Digər maraqlı məqam verilən kreditlərdə qadınların sayının artmasıdır. 2023-cü ildə 5 qadın ipoteka kreditindən yaralanmışdısa, 2024-cü ildə bu rəqəm artıq 16 olub.

İpoteka krediti götürənlərin yaş həddinə gəlincə 2024-cü ildə daha çox bundan istifadə edənlər 30-35 yaşlı sakinlər olub – 29 nəfər. Yaşı 35-i haqlamış 25 nəfər, yaşı 18-29 aralığı olan 17 nəfər də ötən il ipoteka kreditindən yararlanıb.

2022 və 2023-cü illərlər müqayisədə 2024-cü ildə ilk dəfə olaraq tibb sahəsində çalışan işçilərə ipoteka krediti verilib. Həmçinin ötən il 3 şəhid ailəsi də bu kreditdən yararlanıb. Ümumiyyətlə, geridə qoyduğumuz ildə 18 hərbi qulluqçuya, 19 dövlət qulluğunun xüsusi növündə çalışan şəxsə və 12 təhsil işçisinə ipoteka krediti verilib.


Teqlər: Naxçıvan   İpoteka  





Xəbər lenti