Fransa Qrenlandiyaya qoşun göndərmək barədə düşünür

   Fransa Qrenlandiyaya    qoşun göndərmək    barədə düşünür
  29 Yanvar 2025    Oxunub:507
ABŞ prezidenti Donald Trampın Danimarka ərazilərini ilhaq etmək barədə dəfələrlə təhdid etməsinə cavab olaraq Fransa Danimarka ilə Qrenlandiyaya qoşun göndərilməsi məsələsini müzakirə edib.
AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Fransanın baş naziri Jan-Noel Barro “Sud Radio”ya müsahibəsində Avropa İttifaqı (Aİ) qoşunlarının Qrenlandiyaya göndərilməsi çağırışları ilə bağlı sualın cavabında Parisin Kopenhagenlə hərbi kontingentin yerləşdirilməsini müzakirə etməyə başladığını, lakin Danimarkanın bu ideyanı qəbul etmək istəmədiyini bildirib.

“Danimarka kömək istəsə, Fransa buna müsbət cavab verəcək. İstər şimal, istər cənub, istər şərq, istərsə də qərb olsun, Avropa sərhədləri suverendir. Bizim sərhədlərimizi pozmağı heç kim özünə rəva bilməz. Aİ Xarici İşlər nazirlərinin bazar ertəsi Brüsseldə keçirilən görüşü zamanı həmkarlarımız Kopenhagenə çox güclü dəstək və lazım gələrsə, qoşunların göndərilməsini nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər”, - Fransa XİN-in rəhbəri iddia edib.

ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsi “ən qısa müharibə” ola bilər
Jan-Noel Barronun “cəsarətli” bəyanatı Danimarkanın baş naziri Mette Frederiksenin Trampa qarşı mübarizədə müttəfiqlərinə dəstək göstərmək üçün Avropa paytaxtlarına ildırım sürətli turnesi ilə eyni vaxta təsadüf edir. Xanım Frederiksen dünən Berlində Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronla Parisdə, bu gün isə Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.

Bəzi Avropa ölkələrinin liderlərinin və yüksək vəzifəli məmurlarının Danimarkaya qorxma-qorxma deməsinə rəğmən, Donald Trampın Qrenlandiya məsələsində güc tətbiq edəcəyi halda, onların faktiki olaraq vassalına çevrildikləri ABŞ-yə qarşı müharibəyə başlaycaqları heç də inandırıcı görünmür. Daha doğrusu, belə ehtimal sıfır səviyyəsindədir. Xüsusilə də, mütəmadi şəkildə Afrikadan qovulmaqda olan Fransanın buna cürət etməyəcəyi birmənalıdır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Qrenlandiya     qoşunlar  





Xəbər lenti